Tütünlə bağlı qanunun tələbləri digər qanunlara uyğunlaşdırılacaq

Tütünlə bağlı qanunun tələbləri digər qanunlara uyğunlaşdırılacaq

“İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr “Tütün və tütün məmulatı haqqında” qanuna istinad edərək bu cərimələri tətbiq etməni müəyyən edir. Yeni qəbul edilmiş və bu qadağaları ətraflı müəyyən edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun isə mövcud İnzibati Xətalar Məcəlləsinin istinad etdiyi qanunda müvafiq maddələri (qadağan edilmiş yerləri) ləğv edir və bununla da müəyyən hüquqi boşluq yaradır. Belə ki, Məcəllədə istinad olunan qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddəsinin artıq hüquqi qüvvəsi yoxdur”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyib.

O bildirib ki, mövcud vəziyyət hazırda yalnız məcəlləyə əsasən qadağan edilmiş yerlərdə siqaret çəkilməsinə görə şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmir. Həmçinin məcəllənin 212. maddəsi sadəcə siqaret çəkməklə ilə bağlı məsələni tənzimləyir, ancaq digər tütün məmulatları barədə hər hansı norma nəzərdə tutmur (məsələn, qəlyan): “Digər hallarda isə müəssisələr, idarə və təşkilatlar barəsində (ancaq siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə) isə məsuliyyət tədbirləri tətbiq edilə bilər. Təbii ki, bu qısa müddətli bir vəziyyətdir və qanunyaratma praktikasına əsasən Milli Məclis yeni qanunun tələblərini digər qanunlara uyğunlaşdırmaq üçün yaz sessiyasında bu dəyişiklikləri nəzərdən keçirəcək və məcəlləyə yeni qanuna istinad və müvafiq cərimələrin tətbiqi üçün hüquqi imkanları təmin edəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə