Azərbaycanda peşənin qiymətləndirmə standartı hazırlanacaq-Tədbir

Azərbaycanda peşənin qiymətləndirmə standartı hazırlanacaq-Tədbir
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan hökuməti və Dünya Bankı ilə birgə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində "İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə nazir müavini Natiq Məmmədov, aidiyyəti qurum və təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan nazir müavini Natiq Məmmədov bildirib ki, yeni layihə Azərbaycanda əmək bazarının inkişafına, əmək potensialının təkmilləşməsinə, işəgötürənlərin peşəkar işçi qüvvəsinə tələbatın ödənməsinə xidmət edir. Onun sözlərinə görə, bu çox vacib layihədir: "Bu layihə 3 il ərzində həyata keçiriləcək və düşünürəm ki, 3 ildən sonra öz müsbət nəticələrini verəcək. Bəzi hallarda vətəndaşlarımız xarici ölkələrə üz tutraraq öz ixtisaslarına uyğun və yaxud öz ixtisaslarına uyğun olmayan işlərdə fəaliyyət göstərirlər. Amma yeni peşə standartlarının tətbiqi ölkəmizdə işəgötürənlərin, işaxtaranların və işçilər üçün çox böyük əhəmiyyət kəsb edir".

Nazir müavini ölkədə səmərəli məşğulluğun təmin olunması istiqamətində görülən işlərin yoxsulluq səviyyəsinin azalmasına təsir göstərdiyini bildirib. O vurğulayıb ki, Azərbaycanda sosial-iqtisadi inkişaf dinamikası ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir və görülən tədbirlər nəticəsində son 7 il ərzində əksəriyyəti daimi olmaqla 900 mindən artıq yeni iş yerləri yaradılıb. N.Məmmədov Azərbaycanın son illər ərzində Avropaya inteqrasiyasını nəzərə alaraq peşəkar ixtisaslı kadrların yetişdirilməsi zərurətinin yarandığını söyləyib.

"Azərbaycan artıq əmək miqrasiyası sahəsində təyinat ölkəyə çevrilib. Burada ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf və digər bu kimi amillər xarici investorların Azərbaycanda yeni iş yerlərinin, müəssisələrinin yaradılması marağına səbəb olub", - deyə o əlavə edib.

Daha sonra layihə rəhbəri Con Körli "ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması layihəsi" haqqında ətraflı məlumat verib. Beynəlxalq ekspert Adrian Stoyka isə peşə standatlarının hazırlanması sahəsində beynəlxalq təcrübədən bəhs edib. Layihə rəhbərinin müavini İlkin Nəzərov çıxışında Azərbaycanda peşə standatlarının hazırlanmasının zəruriliyini vurğulayıb və tərəfdaşlardan dəstək gözlənildiyini ifadə edib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Almaniyanın "GOPA Consultants" beynəlxalq məsləhətçi şirkəti tərəfindən həyata keçirilən layihənin 2013-cü ildə başa çatması planlaşdırılır. Layihə çərçivəsində Azərbaycan müəssisələrinin ümumdünya bazarında rəqabətə davamlılığını artırmaq, o cümlədən Azərbaycanda insan resurslarının inkişafını təmin etmək üçün 200 peşə, 100 təlim və iş yerlərində 200 peşə üzrə qiymətləndirmə standartının hazırlaması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə