“Tarixin sirləri” açılır SƏS TV

“Tarixin sirləri” açılır SƏS TV

Dekabr 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan, Ceyhun Həsənlinin rəhbəri olduğu “Tarixin sirləri” layihəsinin açılışı münasibətilə tədbir keçirilib.

SİA-nın xəbərinə görə, Qaradağ rayon “Gənclər evində” baş tutan tədbirdə ilk öncə layihə haqqında iştirakçılara məlumat verilib. Diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi Azərbaycan tarixi, eyni zamanda tariximizdə xüsusi xidmətləri olmuş şəxsiyyətlər haqqında gəncləri ətraflı məlumatlandırmaqdır. Öz tarixini yaxşı bilən gənc isə Azərbaycan tarixinin beynəlxalq aləmdə təbliğatına yardımçı ola bilər.

Vurğulanıb ki, Layihə çərçivəsində tarixçi alimlər tərəfindən seminarlar təşkil ediləcək, tarixçilərlə gənclərin görüşü təşkil olunacaq. Hər görüş və ya seminarda bir mövzu haqqında məlumat veriləcək, mövzu ətrafında fikir mübadiləsi, müzakirələr aparılacaq. Beləliklə bəzi tarixi olaylar, şəxsiyyətlər haqqında yanlışlar və həqiqətlər gün işığına qovuşacaq. Eyni zamanda layihə çərçivəsində televiziya verilişləri hazırlanacaq. Bu isə tariximizlə bağlı yanlış bilinən hadisələrin doğru tərəfini daha böyük kütləyə çatdırmaq imkanı yaradacaq.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov bildirib ki, gəncliyimiz milli ruhda tərbiyə olunmalı, tariximizi yaxşı bilməli, keçmişimizi öyrənməlidir. Tarixini bilməyən gənc vətənini sevə bilməz. Bu mənada bu kimi layihələrin keçirilməsi çox önəmli və tərifəlayiqdir.

Tarixçi Təhmasib Novruzov isə diqqətə çatdırıb ki, bu günə qədər aparılan tarixi araşdırmalara, tədqiqatlara, görülən işlərə rəğmən, tariximizin hələ də açılmamış səhifələri və öyrənilməmiş məqamları qalmaqdadır. Orta və ya ali təhsil məktəblərindəki tarix dərsliklərində təkrar işlənməsinə ehtiyac duyulan bəzi tarixi məqamlar var ki, günümüzdə çoxlu sayda sual doğurur. Məhz bu cür layihələr vasitəsilə gənclərimiz tariximiz haqqında, tarixi şəxsiyyətlərimizlə bağlı məlumatlar əldə edirlər.

Layihə rəhbəri Ceyhun Həsənli çıxış edərək tədbirin keçirilməsində göstərdikləri köməyə görə Gənclər Fonduna, eləcə də aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.

Daha sonra iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə