Ölkə vətəndaşları üçün aparılan hepatit xəstəliyinə qarşı mübarizə kampaniyasına həkimlər etiraz edib - AÇIQLAMA

Ölkə vətəndaşları üçün aparılan hepatit xəstəliyinə qarşı mübarizə kampaniyasına həkimlər etiraz edib - AÇIQLAMA
Ölkə vətəndaşları üçün aparılan hepatit xəstəliyinə qarşı mübarizə kampaniyası öz işini regionlarda davam edir. Bu barədə SİA-ya kampaniyanın təşkilatçılarından biri olan Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova məlumat verib. O bildirib ki, Ankarada yerləşən "Viral Hepatit Savaş Dərnəyi"nin (VHSD) "Lider Qadınlar" İctimai Birliyin və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniyanın 20 oktyabrda başa çatması nəzərdə tutulsa da əhalinin müayinəyə olan tələbatı kampaniyanın müddətinin bir gün də uzanmasına gətirib çıxarıb. Onun sözlərinə görə, paytaxtda müayinələrə olan tələbatın çox olması aparılan müayinələrin Bakıdakı müddətini iki gün də uzadıb: " Bakıda bu müayinələrə təlabat artdığından biz müayinələrin paytaxtdakı müddətini iki gün uzatmalı olduq. Buna görə də regionları tam əhatə edə bilmədik. Bizə Qafqaz Universitetindən müayinələrin tələbələr arasında keçirilməsi təklifi gəldi. Həmin təklif əsasında 3500 tələbə heaptit C və B viruslarından müayinə olundular. Müayinələr Bakının Xəzər, Sabunçu, Nərimanov rayonlarında həyata keçdi. Bundan əlavə aksiya Nizami metrosunun ətrafında reallaşdı ki, həmin müayinələrdən həm Nəsimi, həm də Səbail rayonunun əhalisi də istifadə edə bildi. Paytaxt müayinələri Xırdalan rayonu ərazisində tələbələrlə yekunlaşdı".

Daha sonra müayinələrin regionlarda davam etdirildiyini dilə gətirən S. Yusifova ilk müayinələrin Ağdaş rayonunda keçirildiyini dilə gətirib. Onun sözlərinə görə, hazırda aksiya Gəncə şəhərində Mərkəzi Xəstəxanının qarşısında davam edir:" Hazırda Gəncədə keçirilən müayinələrə bu gün 09:00 radələrində start verilib və o günü sonuna qədər davam edəcək. Bakıdakı olan aktivlik regionlarda aşağı səviyyədədir. Bəziləri xəstəliklərinin aşkara çıxarılmasını istəmir, bəziləri isə tam sağlam olduqlarını düşünürlər. Biz düşünürük ki, bunun da kökündə maarifsizlik, məlumatsızlıq durur. Bu məqsədlə də gələcəkdə bu sahədə maarifləndirmə işlərini daha da genişləndirməyi qərara almışıq. Bizə gələn zənglərdən belə məlum oldu ki, regionlardakı insanların hepatit virusu haqqında məlumatı çox zəifdir. Ona görə də regionda bu xəstəliyə yoluxma riskləri daha böyükdür . Sabahdan etibarən oktyabrın 20-nə kimi bu aksiya Şəmkir rayonunda, daha sonra isə Ağstafa və Qazax rayonuna keçəcək. Yekunda bu işi davam etdirmək üçün Ankarada yerləşən "Viral Hepatit Savaş Dərnəyi"nin maşını sərhəddi keçərək yenidən Türkiyəyə oradan da Brüsselə gedəcək".

Müayinələr zamanı xəstəliyin aşkarlanması faktlarına da toxunan JQA prezidenti bildirib ki, viruslar həm gənc, həm də orta nəsil arasında da aşkarlanıb. O vurğulayıb ki, müayinələr zamanı xəstəliyi haqqında məlumatlı olan insanlara da rast gəlinib. Onun sözlərinə görə, regionlarda müayinələr zamanı hər iki yəni Hepatiti B və C viruslarının bir adamda olduğu da aşkarlanıb: " Mən çox istəyərdim ki, biz bu müayinələri bütün regionlarda aparaq . Amma çox təəsüf ki bəzi rayonların həkimləri müayinələrin aparılmasını, həmin rayona getməyimizə etiraz etdilər. Hətta bölgələrin birinə gedib oradan geri qayıtmalı da olduq. Amma Ağdaşda və Gəncədə aparılan müayinələr regionların bu aksiyaya daha çox ehtiyacı olduğunu sübüt etdi. Qeyd edək ki, bu xəstəlik daha çox regionlarda yayılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə