AMEA-nın Yer Elmləri Bölməsi və Coğrafiya İnstitutu Elmi Şurasının dekabrın 25-də keçirilən birgə iclasında “Coğrafiya İnstitutunun 2017-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” illik hesabatı təqdim edilib. Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, iclasa sədrlik edən bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iştirakçıları giriş sözü ilə salamlayaraq, onları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İnstitutun 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunu haqqında hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, 2017-ci ildə İnstitutun elmi-tədqiqat planına müvafiq olaraq əməkdaşlar tərəfindən 17 mövzu, 18 iş və 20 mərhələ üzrə işlər aparılmışdır. Bu işlər əsasən təbii-antropogen təsirlər nəticəsində baş verən dinamiki dəyişikliklər və onların proqnozlaşdırılması problemlərinə; su ehtiyatlarının vəziyyəti; iqlim dəyişmələri və səhralaşmada iqlim amilinin tədqiqi; düzən torpaq-bitki örtüyünün antropogen deqradasiyası və bərpası; regionların ekocoğrafi vəziyyətinin tədqiqi; regionların iqtisadi-coğrafi və demoqrafik problemləri; turizm fəaliyyəti; əhalinin həyat keyfiyyətinin müasir vəziyyəti; Azərbaycanın coğrafi obyekt adlarının tədqiqi; Xəzər dənizinin Azərbaycan akvatoriyasında hidrofiziki sahələrin kompleks tədqiqinə və s. həsr olunmuşdur.
Tədqiqat ilinin sonuna iki mühüm nəticə əldə olunmuşdur. İlk dəfə Azərbaycan Respublikası ərazisində təbii rütubətlənmə şəraitində (TRŞ) əmələ gəlməsi mümkün olan landşaft xəritəsi ilə hazırda mövcud olan landşaftların rəqəmsal xəritələri müqayisə və təhlil edilmiş, landşaftların tarixi dövr ərzində antropogen transformasiya indeksləri hesablanmışdır.
İlk dəfə olaraq Abşeron yarımadasında soyuq hava dalğalarını səciyyələndirmək üçün meyarlar işlənilmiş, sərhəd göstəricilər müəyyən edilmiş, bu dalğaları şərtləndirən sinoptik proseslər, eyni zamanda onların təkrarlanması və davamiyyəti araşdırılmışdır. Tədqiqatda mültidistiplinar yanaşma tətbiq edilmiş, insan səhhəti və hava-iqlim prosesləri arasında əlaqələr öyrənilmişdir.
Akademik Ramiz Məmmədov cari il ərzində Coğrafiya İnstitutunda maliyyələşdirilən proqramlar və müxtəlif qrant layihələri üzrə tədqiqat işlərinin gedişi və nəticələri, elmlə təhsilin vəhdəti, beynəlxalq əlaqələr, əməkdaşlıq sazişlərinin bağlanması, ictimaiyyətlə əlaqələr, “Wiki” qrupun fəaliyyəti və s istiqamətlərdə aparılan işlərdən, görkəmli alim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə il boyu təşkil olunan silsilə tədbirlərdən və s. söhbət açıb.
İnstitut rəhbəri iclas iştirakçılarının suallarını cavablandırdıqdan sonra məruzə ətrafında çıxışlar edilib. Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, c.e.d., professor Rza Mahmudov, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdirləri – akademiklər Hətəm Quliyev, Əkbər Feyzullayev və Arif İsmayılzadə, BDU-nun kafedra müdiri, c.e.d., professor Yaqub Qəribov, Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov və başqaları çıxış edərək Coğrafiya İnstitutunun fəaliyyətini müsbət qiymətləndirib, tədqiqat işlərinə öz münasibətlərini bildiriblər.
“Coğrafiya İnstitutunun 2017-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” illik hesabatı yekdilliklə yaxşı qiymətlə qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB