KİVDF jurnalistləri mükafatlandırdı SƏS TV

KİVDF jurnalistləri mükafatlandırdı SƏS TV

Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

Fondun icraçı direktoru Vüqar Səfərli mərasimdə çıxış edərək bildirib ki, fond il ərzində ümumilikdə 9 müsabiqə keçirib. Bu müsabiqələrin 3-ü fond tərəfindən, digərləri isə müxtəlif rayonların icra hakimiyyətləri, eləcə də təşkilatlarla birgə keçirilib.

Vüqar Səfərli onu da qeyd edib ki, budəfəki müsabiqəyə 66 kütləvi informasiya vasitəsindən 153 yazı təqdim olunub. Hər bir yazı 3 ekspert tərəfindən qiymətləndirilib. Hər bir istiqamət üzrə 6 qalib müəyyənləşib.

Tədbirdə Fondun Müşahidə Şurasının üzvləri, BDU-nun professoru Cahangir Məmmədli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxış edərək müsabiqəyə təqdim olunan yazılarla bağlı fikirlərini bildiriblər.

Diqqətə çatdırılıb ki, müsabiqəyə təqdim olunan yazılarda ildən-ilə keyfiyyət daha da artır. Yazıların tam əksəriyyəti peşəkarlar tərəfindən qələmə alınıb.

Yazılardakı qüsurlara da bağlı iradlar səslənib. Diqqətə çatdırılıb ki, jurnalistin öz dili və üslubu olmalıdır, fərqli üslublara isə çox az hallarda rast gəlinir. Yazılarda plagiatlığa yol verilməməsi də xüsusi vurğulanıb.

Müzakirələrdən sonra müsabiqə qaliblərinin adları açıqlanıb.

Xatırladaq ki, qaliblər arasında “Səs” Media Qrupunun 5 əməkdaşı da var.

Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə