Naxçıvanda əhalinin sosial müdafiəsi gücləndirilir

Naxçıvanda əhalinin sosial müdafiəsi gücləndirilir

Muxtar respublikada əhalinin məşğulluğunun artırılması diqqət mərkəzində saxlanılan əsas məsələlərdəndir. Ona görə də ötən ay da aktiv məşğulluq tədbirləri davam etdirilib, 275 nəfər vakant iş yerlərinə göndərilib, 59 nəfər müvafiq peşə kurslarına, 11 nəfər ixtisasartırma kurslarına cəlb edilib, 11 nəfər isə kənd xidmət mərkəzlərində müvafiq işlə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunub. Ay ərzində qazanxana maşinisti və qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşə kurslarını 34 nəfər bitirib. Hazırda ağac üzərində oyma, qazanxana maşinisti, qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər və bərbər manikürçü peşələri üzrə kurslar davam etdirilir. Bununla yanaşı, məhdud fiziki imkanlı 19 şəxs tərəfindən toxunmuş 1700 cüt yun corab hərbi hissələrə təhvil verilib. Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanması, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsi ilə bağlı tədbirlər davam etdirilib.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilib. Reabilitasiya təlimlərinə, ümumilikdə, 101 uşaq cəlb olunub. Tədrisə cəlb olunan hərəkət və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant dərsləri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncamla təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, Şahbuz şəhərindəki 1 nömrəli tam orta məktəbdə Şahbuz rayonu üzrə ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlərin və məktəb psixoloqlarının iştirakı ilə görüş keçirilib. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində isə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasında oyun terapiyasının əhəmiyyəti adlı maarifləndirici tədbir olub, sağlamlıq imkanları məhdud 282 məktəbli qış geyimi ilə təmin edilib.

Bu dövrdə 242 ahıl və fiziki imkanı məhdud şəxslərə evlərində, həmçinin 10 nəfərə Ahıllar Evində stasionar sosial xidmət göstərilib, Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 21 şəxsin, Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 27 uşağın müalicəsi təşkil edilib, 23 nəfərə isə sanatoriya və pansionatlara göndəriş verilib. Ay ərzində 2 nəfər texniki reabilitasiya vasitəsilə təmin olunub, 40 nəfərə protez-ortopedik xidmət göstərilib, 2 nəfərin sosial məişət şəraitinin yaxşılaşmasına, 3 nəfərin respublika daxilində müalicəsinə maddi kömək edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə