Hava şəraiti çaylara da təsir etdi

Hava şəraiti çaylara da təsir etdi

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 120-170, Lənkəran-Astara bölgəsi çaylarında 110-120, Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 157 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 161 m3/s olmaqla ongünlük normanın 110 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 50 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 70 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra, Bankə məntəqələrində və Araz çayının Novruzlu məntəqəsində 1, Şirvanda 8 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 385 m (2016-cı il dekabrın 22-də 508 sm), Şirvanda 259 sm, (2016-cı il dekabrın 22-də 377 sm), Salyanda 219 sm (2016-cı il dekabrın 22-də 349 sm), Bankədə 207 sm (2016-cı il dekabrın 22-də 257 sm), Araz çayının Novruzlu məntəqəsində isə 123 sm (2016-cı il dekabrın 22-də 225 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə