Oğuzda və İmişlidə vətəndaş qəbulu keçirilib

Oğuzda və İmişlidə vətəndaş qəbulu keçirilib

Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Oğuz şəhərində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, vətəndaşların bir hissəsi nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə uyğun olaraq İmişli Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Heydər Əsədov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, yeni istifadəyə verilmiş rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında yaradılan şəraitlə tanış olublar.

Sonra nazir Heydər Əsədov vətəndaşların müraciətlərini dinləyib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40 nəfərin müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, cins mal-qaranın alınması və məhsul istehsalçılarının keyfiyyətli dərman preparatları və əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi və texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar xidmət” qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsini, texnikaların dövlət qeydiyyatına alınmasını, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsini təşkil edib.

Traktor və digər mexaniki vasitələri idarə etmək üçün 100 nəfərə yaxın mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri yenisi ilə əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə