Bakıda V Azərbaycan - Rusiya Gənclər Forumu öz işinə başlayıb - FOTOLAR
Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” V Azərbaycan - Rusiya Gənclər Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, Forumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri və digər rəsmilər iştirak ediblər.
Öncə Azərbaycanın və Rusiya Federasiyasının dövlət himnləri səsləndirilib.
Sonra açılış nitqi ilə nazir A.Rəhimov çıxış edib. O, iki ölkə arasında mövcud olan tarixi dostluq əlaqələrindən danışıb. Nazir Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq olduğunu və ikitərəfli münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb: “Rusiya Azərbaycanın yaxın qonşusudur. Bu ölkədə Azərbaycan ziyalıları, generalları və alimləri həmişə yad olunur. Rusiyanın bir çox yazıçıları və şairləri Bakıda yaşayıb və ölkəmizin gözəlliyini öz əsərlərində tərənnüm ediblər. Azərbaycan və Rusiya arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur”.
A.Rəhimov Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən söz açıb. O, ölkəmizdə gənclər sahəsində üç dəfə Dövlət Proqramı qəbul edildiyini vurğulayıb: “2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramları uğurla həyata keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı da imzalayıb. Yeni Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha da inkişaf etməsi üçün mühüm addımdır”.
Nazir bildirib ki, müstəqlliyimizin bərpasından sonra Azərbaycanda ən çox inkişaf etmiş sahələrdən biri məhz gənclər siyasətidir: “Azərbaycanda əhalinin 26 faizini gənclər təşkil edir. Bu da Avropada yüksək göstəricidir. Bizim üçün gənclərin inkişafı, onların sağlamlığı, təhsili və asudə vaxtlarının səmərəliliyi vacibdir. Gənclər və İdman Nazirliyi dünyanın 65 ölkəsi ilə əməkdaşlıq edir. Gənclərimiz çox sayda beynəlxalq layihələrdə iştirak edirlər. Azərbaycan nümayəndəliyi Soçidə keçirilən 19-cu gənclər və tələbələrin festivalında böyük nümayəndə heyəti ilə iştirak edib. Ölkəmiz bir çox beynəlxalq təşkilatların üzvüdür. Gənclərlə bağlı görülən bütün işlər gələcəyimiz üçündür”.
A.Rəhimov Forumun işinə uğurlar arzulayıb.
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycanda gənclərin inkişafı üçün yaradılan şəraitdən söz açıb. O, ölkədə hər zaman bilikli, peşəkar, istedadlı gənclərin dəstəkləndiyini bildirib. Deputat Forumun yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirəcəyini vurğulayıb.
Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Oleq Muraşov da iki ölkə arasındakı əlaqələrdən danışıb. O, Rusiyanın Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşı, gənclərlə işin hər iki ölkədə prioritet olduğunu qeyd edib. Muraşov Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşının təhsil aldığını deyib.
Daha sonra çıxış edənlər Azərbaycan və Rusiya arasında mövcud olan əlaqələrdən, gənclər sahəsində inkişafdan danışıblar.
Qeyd edək ki, builki Forum 2011-ci və 2012-ci illərdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı şəhərində, daha sonra isə 2013-cü ildə Rusiyanın Qroznı şəhərində keçirilmiş “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı forumların davamıdır.
Dekabrın 23-dək davam edəcək Forumun təşkilatçısı Gənclər və İdman Nazirliyi, həmtəşkilatçıları Rusiya Elm və Təhsil Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Rusiyanın Uşaq və Gənclər Birlikləri Milli Şurasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB