Gömrük Məcəlləsinə dəyişiklik edilir

Gömrük Məcəlləsinə dəyişiklik edilir

Azərbaycanda gömrük orqanlarında şəxsi yoxlanışdan keçmə qaydaları dəyişdirilir. SİA-nın məlumatına görə, bununla bağlı Gömrük Məcəlləsinin 64-cü (Şəxsi yoxlama) maddəsinə dəyişiklik edilir.

Layihəyə görə, maddənin ikinci bəndi dəyişdirilərək belə verilir: “Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir".

Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə, iki hal şahidinin iştirakı ilə aparılır. Yoxlama aparılan yerə başqa fiziki şəxslərin daxil olmasına və yoxlamanı müşahidə etməsinə yol verilmir”.

Bununla bağlı 99-cu maddəyə bu məzmunda yeni bənd əlavə edilir: “Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış iki hal şahidlərinin iştirakı məcburidir".

Layihə Milli Məclisin dekabrın 29-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə