"Azərbaycan Prezidenti idmançılarımızın qələbəsinə böyük qiymət verir"

"Azərbaycan Prezidenti idmançılarımızın qələbəsinə böyük qiymət verir"

“Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin hər il olduğu kimi bu ildə 2017-ci ilin idman yekunları ilə bağlı mərasimdə şəxsən iştirak etməsi və bu mərasimin Milli Olimpiya Komitəsinin yaranmasının 25 illik yubileyi ərəfəsində keçirilməsi xüsusi önəm daşıyır”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O bildirib ki, ölkə başçısı mərasimdə cari ildə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda 851 medal qazanması və onlardan 347-sinin qızıl olmasını xüsusi vurğulayıb: “Dövlət başçısı cari ildə qazanılan medalların sayının builkindən daha artıq olduğunu vurğulayaraq, qeyd etdi ki, ölkəmizdə idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar”.

R.Abbasov söyləyib ki, Azərbaycan Prezidentinin çıxışında qadınlar arasında voleybol komandamızın Avropa çempionatında yüksək nəticə göstərməsi, şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmasını xüsusi qeyd etməsi Onun idmançılarımızın qələbələrinə verdiyi qiyməti göstərir.

Cari ildə idman sahəsində böyük uğurlar qazanıldığını diqqətə çatdıran R.Abbasov bildirib ki, dövlət başçısının qeyd etdiyi kimi, bu il iki idmançımız - Məhəmmədrəsul Məcidov və Hacı Əliyevin boks və sərbəst güləş üzrə üçqat dünya çempionu olması, Azərbaycan idmanının inkişafının əyani göstəricisidir: “Prezident İlham Əliyev eyni zamanda vurğuladı ki, “Qarabağ” komandasının çıxışı, vaxtilə Olimpiya Stadionunun tikintisi zamanı böyük arenanın doldurulması ilə bağlı müəyyən şübhələr olsa da, Ağdam klubunun oyunlarına 60 mindən çox azarkeşin toplanması, bu qarşılaşmalarda azarkeşlərin milli komandaya dəstək göstərməsi və eyni zamanda tarixdə ilk dəfə olaraq “Qarabağ”ın Çempionlar Liqasının final mərhələsində iştirak etməsi Azərbaycan idmanının tarixi qələbələrindən biridir”.

2017-ci ildə ölkəmizin dünyanın ən mötəbər idman oyunlarından birinə ev sahibliyi etdiyini qeyd edən idarə rəisi söyləyib ki, cari ildə idman sahəsində əldə olunan qələbələrdən biri də idmançılarımızın Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında çoxlu sayda medal qazanmaları olub: “Cənab Prezidentin də söylədiyi kimi, Bakıda keçirilən mötəbər beynəlxalq yarışlar bütün dünyanın diqqətini cəlb edir. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 24 faiz və 2017-ci ilin 11 ayında isə daha 20 faiz artıb. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan idman ölkəsidir”.

Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərildiyini deyən R.Abbasov qeyd edib ki, regionlarda Olimpiya İdman Komplekslərinin tikintisi ölkə başçısının idmanın inkişafı və bölgələrdə yaşayan insanlarımızın sağlam həyat tərzinə verdiyi önəmi göstərir: “Bildiyiniz kimi, 2018-ci ilin dövlət büdcəsində bölgələrdə üç mərkəzin tikintisi nəzərdə tutulur. Bütün bunlar ölkəmizdə güclü dövlət siyasətinin aparıldığı və idmanın maddi-texniki bazasının möhkəmləndirildiyinin bariz nümunəsidir”.

“Azərbaycanda çoxsaylı idmançıların təltif edilməsi, onlara mənzillərin, mükafatların verilməsi idmanımıza, idmançılarımıza, hakim, məşqçi və müəllim heyətinə böyük stimul verir. Azərbaycan Prezidentinə bu sahəyə də göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürümüzü bildirir, gələcəkdə daha böyük qələbələr qazanaraq, ölkə bayrağının daim yüksəklərdə dalğalanması və ən mötəbər yarışlarda dövlət himnimizin səsləndirilməsi üçün əlimizdən gələni edəcəyik” - deyə, o əlavə edib.

Xatırladaq ki, dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə