“Azərbaycan Hökuməti ilə BMT-nin Gənclər evlərinə dair birgə təşəbbüsü” layihəsinin təqdimatı keçirilib

“Azərbaycan Hökuməti ilə BMT-nin Gənclər evlərinə dair birgə təşəbbüsü” layihəsinin təqdimatı keçirilib

Bu gün Binəqədi “Gənclər evi”ndə Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin birlikdə təşkil etdiyi “Azərbaycan Hökuməti ilə BMT-nin Gənclər evlərinə dair birgə təşəbbüsü” adlı pilot layihənin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər rəsmilər iştirak ediblər.

Öncə Gənclər evləri haqqında videoçarx nümayiş edilib.

Sonra nazir A.Rəhimov çıxış edib. O qeyd edib ki, Azərbaycan əhalisinin 60 faizdən çoxunu gənclər təşkil edir: "Gənclərin inkişafı üçün ölkəmizdə hər cür şərait yaradılıb, Dövlət Proqramları qəbul olunub. Dövlət Proqramına daxil olan uğurlu layihələrdən biri də Gənclər evlərinin yaradılması idi. Hazırda Azərbaycanda 40 Gənclər evi fəaliyyət göstərir. Onların 14-nü Gənclər və İdman Nazirliyi inşa edib. Həmin evlər dünyanın qabaqcıl texnologiyaları ilə təmin olunub və gənclərin əsl mərkəzinə çevrilib. Biz çalışırıq ki, dünyanın bir çox beynəlxalq təşkilatları ilə əməkdaşlıq edək. Bu layihə də belə əməkdaşlığın parlaq nümunəsidir. Bu, pilot layihədir. İnanırıq ki, sözügedən layihəni digər Gənclər evlərində də həyata keçirəcəyik. Layihədə iştirak edən dostlarımıza təşəkkür edirəm və uğurlar arzulayıram".

Prezident Administrasiyasının şöbə müdiri Yusuf Məmmədəliyev Gənclər evlərinin əhəmiyyətindən danışıb: "Gənclər evlərinin inkişaf etdirilməsi və onların öz təyinatına uyğun olaraq gənclərə keyfiyyətli sosial xidmət göstərməsi bizim üçün prioritet mövzudur. Gənclər evləri sosial xidmət şəbəkəsinin yaradılması və istifadəyə verilməsi çox önəmli bir addım idi və bu proses ölkənin demək olar ki, bütün regionlarında yekunlaşıb.

Lakin etiraf edilməlidir ki, hazırda bu şəbəkənin fəaliyyəti, onun faydalı iş əmsalı, mövcud potensialdan xeyli aşağıdır. Regionlarda bir çox gənc bu evlərin fəaliyyətindən xəbərsizdir. Bu amilləri nəzərə alaraq deməliyik ki, artıq gündəlikdə Gənclər evlərinin effektivliyinin və onların dayanıqlılığının təmin olunması dayanır. Bu baxımdan həm dövlət orqanları, həm beynəlxalq tərəfdaşlar, həm də vətəndaş cəmiyyətinin bərabər şəkildə iştirakı çox önəmlidir.

Gənclər təşkilatları tədbirləri məhz gənclər evində keçirir və resurslardan geniş istifadə olunur. Bu müsbət haldır.

Gənclər evlərində qeyri-formal təhsil və digər sosial xidmətlərdən əlavə asudə vaxtın keçirilməsi üçün fəaliyyətin olması çox önəmlidir. Məlumdur ki, region gənclərinin bəzi zərərli vərdişlərə və ya müxtəlif ziyanlı qrupların təsiri altına düşməsi məhz asudə vaxtın təşkili ilə bağlı alternativlərin az olmasından irəli gəlir. Gəncləri zərərli vərdişlər, radikalizm, ekstremizm və bunun kimi digər neqativ hallardan qorumaq üçün maarifləndirmə ilə yanaşı onların asudə vaxtları ilə bağlı tədbirlər həyata keçirmək çox vacibdir.

Gənclər siyasətində iştirak edən bütün tərəflər Gənclər evlərinin inkişaf etdirilməsi prosesinə cəlb olunmalı və öz töhfəsini verməlidir.

Hər regiona xas xüsusiyyətlər, adət - ənənələr nəzərə alınmaqla müvafiq proqramın tərtib olunması, peşəkar rəhbər və komanda tərəfindən koordinasiya olunması Gənclər evlərinin effektivliyini artırmağa kömək edəcək. Bununla da gənclər evləri lokal səviyyədə gənclərin bütün problemlərini həll edən və onlara dəstək verən resurs mərkəzi funksiyasını yerinə yetirəcək".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai də layihənin önəmindən söz açıb. O, pilot layihənin işlənib hazırlanmasında iştirak edən bütün qurumlara minnətdarlığını bildirib və layihənin tərkib hissəsi haqqında geniş məlumat verib.

Daha sonra layihənin təqdimatı olub və fotoslayd nümayiş edilib.

Gənclərin Gənclər evi haqqında fikirlərini əks etdirən videoçarx göstərilib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, iki illik pilot layihənin keçirilməsinin məqsədi gənclər üçün əlverişli kompleks xidmətlərin hazırlanması, təcrübədən keçirilməsi və sonra bütün Gənclər evlərində istifadə olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə