DSK-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 11-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. SİA-ya verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin komitənin binasının foyesində ucaldılan büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. Anım mərasimi dahi rəhbər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Dövlət Statistika Komitəsi sədri Tahir Budaqov ümummilli lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən, müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı tarixi addımlardan danışıb. O bildirib ki, ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

Tahir Budaqov qeyd edib ki, Ulu Öndər dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlər göstərmiş böyük tarixi şəxsiyyətdir. Azərbaycanın yarım əsrə yaxın dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə sıx bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyasının bəhrəsidir. Ulu öndər Heydər Əliyev rəhbərlik etdiyi dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından daim çıxarıb. Ən çətin anlarda belə ümummilli lider Heydər Əliyev dərin zəkası ilə yenilməz siyasi iradə nümayiş etdirmiş, milli dövlətçiliyimizi və milli mənafeləri Azərbaycana düşmən olan qüvvələrdən və xarici təhdidlərdən qoruyub.

“Bu gün qədirbilən xalqımız Heydər Əliyev siyasətinin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır, bu dövlətçilik siyasətini keyfiyyətcə yeni müstəvidə davam etdirən, Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevə sonsuz inanır, güvənir və arxalanır. Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyinin daha da möhkəmlənməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının bu sahədə ölkəmizi dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, dövlətimizin başçısının rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin siyasəti yaşayır və xalqımızı ilhamlı gələcəyə aparır”, - deyə komitə sədri vurğulayıb.

Sonra çıxış edən komitənin informasiya texnologiyaları şöbəsinin baş məsləhətçisi Esmira Şəbiyeva və Qiymət statistikası şöbəsinin aparıcı məsləhətçisi Aydan Bağırlı Ulu Öndərin Azərbaycanın bir dövlət kimi yaşamasında, ölkənin müxtəlif sahələr üzrə inkişafında misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, dahi şəxsiyyət parlaq siyasi zəkası və istedadı sayəsində müstəqil və qüdrətli Azərbaycan dövlətini yaradıb, onun davamlı inkişaf yollarını müəyyənləşdirib. Bu gün müstəqil Azərbaycanın inkişafının hər bir zərrəsində dahi rəhbərin ideyaları yaşayır. Prezident İlham Əliyevin dediyi kimi: “Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir”.

Sonda Azərbaycan Televiziyasının hazırladığı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Liderlik Missiyası” filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə