"Azərbaycan hökumətinin bu addımı qəzetlərin maliyyə vəziyyətinin xeyli yaxşılaşmasına imkan verəcək"
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qəzet kağızı idxal-gömrük rüsumundan tam azad edilib. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal-gömrük rüsumlarının dərəcələri və ixrac- gömrük rüsumlarının dərəcələri"ndə əksini tapıb. Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük-idxal rüsumlarının dərəcələri"nə əsasən, rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına 0,50 faiz gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən bu növ qəzet kağızına idxal-gömrük rüsumu tətbiq olunmayacaq. Yarımsellülozdan və saman kütləsindən büzmə üçün kağız da 0,50 faizlik idxal-gömrük rüsumundan azad olunub. Söhbət etdiyimiz jurnalist təşkilatının rəhbəri və qəzet baş redaktorları Azərbaycana idxal edilən qəzet kağızının idxal-gömrük rüsumundan azad edilməsinin mətbuatın inkişafına təkan olacağını bildirdilər.
Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli:
- Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün parlamentdəki çıxışlarında bu mövzuya dəfələrlə toxunub. MŞ sədri əlaqədar qurumlara müraciət etmişdi ki, ölkəyə gətirilən qəzet kağızı üzərindən vergi və rüsumların götürülməsinə qərar verilsin. Məsələ ondadır ki, ölkəyə idxal edilən qəzet kağızına tətbiq edilən vergi və rüsumlar dövlət büdcəsinə iri həcmdə, diqqətçəkən səviyyədə gəlir vermir. İri həcmli Azərbaycan büdcəsi üçün bu rəqəm, yəni qəzet kağızına tətbiq edilən vergi və rüsumlar çox kiçik rəqəmlərdir. Amma əksinə, həmin "xırda vəsait" çap-media üçün həyati əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan hökumətinin çağırışları diqqətə alaraq, qəzet kağızı üzərindən kömrük rüsumunu ləğv etməsi ciddi bir addımdır. Bu, təkcə çap mediasının özü üçün nəzərdə tutulan bir güzəşt deyil. Çap mediası üçün nəzərdə tutulan hər bir manat ölkənin informasiya məkanı üçün və çoxsaylı jurnalist ordusu üçün çox böyük faydadır. Hesab edirəm ki, bu, medianın inkişafını daima diqqətdə saxlayan, bu yöndə onlarca proqrama imza atan Azərbaycan Prezidentini medianın inkişafına yönəldilmiş növbəti uğurlu addımıdır".
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev:
- 2005-ci ilin əvvəllərində qəzet kağızına ƏDV-nin aradan qaldırılması və üstəlik, devalvasiyanın həmin ərəfəyə təsadüf edilməsi qəzet çapını xeyli bahalaşdırmışdır. O dövrdən etibarən, Mətbuat Şurasının sədri də daxil olmaqla, bütün baş redaktorlar öz çıxışlarında qeyd edirdilər ki, heç olmasa qəzet kağızına tətbiq olunan əlavə dəyər vergisi aradan qaldırılmalıdır, bu qəzetlərin çətin olan maddi durumunun yaxşılaşdırılmasına bir töhfə olardı. Dövlətimiz çox sağ olsun ki, bu yaxınlarda bu çağırışlara səs verdi və qəzet kağızına tətbiq olunan əlavə dəyər vergisi tamamilə aradan qaldırıldı. Atılan bu addım, ümumilikdə, qəzetlərinin çap xərclərini azalmasına gətirib çıxaracaq. Mətbələr xaricdən alınan qəzet kağızına ƏDV-ni tətbiq edir. Tətbiq olunan ƏDV-nin ümumilikdə qəzet çapının üzərinə gəlin. Ümid edirik ki, ƏDV-nin ləğv edilməsindən sonra bu mətbələr qəzet çapının qiymətlərində müəyyən endirim edəcəklər. Bundan da yazılı mətbuat öz maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində istifadə edə biləcək. Bu dövlətin mediaya növbəti dəstəyidir və biz də bunu alqışlayırıq. Bunun daha uzunmüddətli olmasını arzulayırıq.
"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev:
- Nazirlər Kabinetnin qərarı ilə gələn il yanvarın 1-dən ölkəmizə idxal olunan qəzet kağızı gömrük rüsumundan tam azad edilib. Azərbaycan hökumətinin bu addımı qəzetlərin maliyyə vəziyyətinin xeyli yaxşılaşmasına imkan verəcək. Bilirsiniz ki, saytlardan fərqli olaraq, qəzetlərin nəşrinə sərf olunan vəsait istənilən mətbuat orqanının üzərinə əlavə maliyyə yükü qoyur. Qəzet kağızının qiyməti artdıqca, paralel olaraq, mətbuat orqanının da xərcləri çoxalır. Bu baxımdan, qəzet kağızının idxal-gömrük rüsumundan tam azad edilməsini dövlətin jurnalistlərə Yeni il hədiyyəsi kimi də dəyərləndirmək olar. Ümumiyyətlə, Azərbaycan dövləti daim mətbuat sahəsinə diqqət və qayğı ilə yanaşıb. Vaxtilə qəzetlərin nəşriyyata olan borcları əvvəl donduruldu, sonra isə tamam silindi. KİVDF adlı qurum yaradıldı və hər il qəzetlərin layihə təklifləri əsasında onlara xeyli miqdarda vəsait ayrlmasına başlanıldı. KİVDF qəzetlər üçün növbəti dəfə belə bir qrant müsabiqəsini elan etdi. Bundan başqa, mütəmadi olaraq, qəzetlərə kifayət qədər birdəfəlik maliyyə yardımları ayrılır. Bir sözlə, bu cür birbaşa və dolayı yardımlar qəzetlərin mövcud olması üçün həlledici rol oynayır. Ümid edirik ki, belə yardımlar daimi olacaq.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB