Həkimlərimiz ixtisaslaşdırılır

Həkimlərimiz ixtisaslaşdırılır

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi istiqamətində daimi axtarışlar gedir, təhsilin yeni forma və metodları təcrübəyə daxil edilir. Ə.Əliyev adına ADHTİ-də keçirilən ixtisasartırma kurslarında tədris prosesinə cəlb olunması da bu sahədə atılan addımlardandır.

Səhiyyə Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2014-cü ildən başlayaraq institutun pediatriya, terapiya, kardiologiya, şüa diaqnostikası, mamalıq və ginekologiya kafedralarında ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Belçika, Avstriya, Danimarka, Niderland, Rusiya və Belarusdan gəlmiş yüksək ixtisaslı mütəxəssisləri tələbat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirlər.

Xəbər verildiyi kimi, Ə.Əliyev adına ADHTİ ilə İ. Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universiteti arasında bağlanmış müqavilə əsasında həkimlər üçün təkmilləşdirmə kursları keçirilir, institutun bir sıra alimləri bu universitetin ayrı-ayrı kafedralarında iş təcrübəsində olurlar. Mühazirələrdə institutda təhsil alan həkim-müdavimlərlə yanaşı müxtəlif tibb idarələrinin həkimləri də iştirak edirlər.

Beynəlxalq təhsil proqramı çərçivəsində Ə.Əliyev adına ADHTİ-da İ. Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin mamalıq və ginekologiya və operativ cərrahiyyə kafedralarının professor-müəllim heyətinin iştirakı ilə “Kliniki anatomiya ilə operativ ginekologiya. Ginekologiyada qanaxmaların dayandırılmasının cərrahi metodları” mövzusunda kurs keçirilir. Kursda İ. Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin mamalıq və ginekologiya kafedrasının müdiri tibb elmləri doktoru, professor Sergey Levakov və həmin universitetin operativ cərrahiyyə kafedrasının müdiri, tibb elmləri doktoru, professor Sergey Dıdıkin mühazirələr oxuyacaq, məşgələlər aparacaqlar. Həmin məşgələlər zamanı onlar Rusiyanın tanınmış tibb universitetində toplanmış uzun illərin təcrubəsini həkimlərlə bölüşəcəklər.

Artıq həmin kurs başlanılıb və kursun ilk günlərindən müdavimlərə müasir məlumatlar çatdırılıb, əyani olaraq müxtəlif metodikalar nümayiş etdirilib. Respublikada ilk dəfə olaraq cərrahi metodikaların əyani şəkildə nümayiş etdirilməsi dinləyicilərin böyük marağına səbəb olub. Göstərilən müdaxilələrin sonradan klinikada canlı həyata keçirilməsi kursun sanballılığını daha da artırır.

Dərslərdən sonra müdavimlər arasında aparılan birbaşa sorğu göstərdi ki, beynəlxalq təhsil kifayət qədər səmərəlidir və onların böyük marağına səbəb olub. Həkimlər həmin kurslarda əldə etdikləri bilik və bacarıqları gündəlik iş praktikasına tətbiq edəcəklərini bildlriblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə