Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab dekabrın 5-də Mingəçevir şəhərinə səfər edib. AZƏRTAC xəbər verir ki, səfir əvvəlcə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüşüb. N.Bayramov diplomata Azərbaycanın energetiklər və sənaye şəhəri olan Mingəçevirin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verib.
Səfir Almaniya-Azərbaycan əlaqələrinin inkişafı, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Görüşdən sonra diplomat Tarix muzeyinə, alman qəbiristanlığına, Mingəçevir Su Elektrik Stansiyasına, Sənaye Parkına, məcburi köçkünlər üçün salınan şəhərciyə baş çəkib.
Tanışlıqdan sonra təəssüratlarını bölüşən Mixail Kindsqrab deyib: “Mən 2016-cı ilin avqustundan Azərbaycandayam. Bu müddət ərzində çalışmışam ki, hər ay Azərbaycanın bir şəhər və rayonuna səfər edim. Bu gün Mingəçevirdəyəm. Mingəçevir Azərbaycanın ən böyük sənaye şəhərlərindən biridir. Səfir kimi vəzifələrimdən biri də Almaniya ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığı dərinləşdirməkdir. Çalışacağam ki, gələcəkdə Almaniya və Mingəçevir şirkətləri arasında əlaqələr yaradaq. Mən Mingəçevirdə alman əsirlərinin qəbirlərini də ziyarət etdim. Çox şad oldum ki, burada alman irsi qorunub saxlanılır. Bundan çox təsirləndim. Bu, bizim birgə tariximizin bir səhifəsidir. Ola bilsin ki, bu kədərli səhifədir, amma tarixi dəyişmək olmaz. Bu alman qəbirlərinin burada belə qorunub saxlanmasına görə təşəkkürümü bildirirəm”.
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinin önəmini qeyd edən səfir Mixail Kindsqrab Mingəçevirdə məskunlaşan qaçqın və məcburi köçkünlər üçün yaradılan şəraiti yüksək qiymətləndirib. O, Mingəçevir Sənaye Parkında hazırda inşa edilən istehsal müəssisələrinin yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı baxımından əhəmiyyətini yüksək qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB