"Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi başa çatıb - MÜZAKİRƏLƏR

"Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi başa çatıb - MÜZAKİRƏLƏR

"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi başa çatıb.

SİA-nın məlumatına görə layihənin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva regionlarda bankomatların sayının artırılması təklifini irəli sürüb. O bildirib ki, regionlarda bankomatların az olması ucqar kəndlərdə olan yaşlı insanların pensiya alınmasına böyük maneçiliklər törədir: "Düzdür bütün kəndlərdə bankomatların qoyulmaası mümkün deyil. Amma heç olmasa bir neçə kəndi birləşdirən bankomat aparatı qoyula bilər. Bu həm də bankomatların qarşısında olan əhalinin sıxlığının azalmasına da təsir göstərər".

Layihə ilə bağlı fikirlərini bildirən millət vəkili sənədi dəstəklədiyini dilə gətirib. O deyib ki, 2011-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi lazımi və yüksək səviyyədə hazırlanıb.

Müzakirələr zamanı millət vəkili Gülər Əhmədova da çıxış edib. O bildirib ki, Azərbaycan Dövlət Televiziyası ölkədə baş verən müsbət hadisələrlə bağlı xəbəri yaysa da onun məğzi əhaliyə çatdırılmır: "Millət vəkillərinin elektron ünvanları pensiya ilə bağlı suallarla doludur. Ən çox sual olunan məsələ Sovet dövründə 30-40 il stajlı insanların iş stajının pensiya zamanı nəzərə alınmamasıdır".

G.Əhmədova da çıxışı zamanı bankomatlarla bağlı yaranan problemlərə toxunub. Layihə ilə bağlı öz fikrini bildirən millət vəkili Siyavuş Novruzov layihəni təqdirəlayiq hesab edib. Onun sözlərinə görə, Azərbaycan bu sahədə başqa dövlətlərdən irəlidir və bu inkişaf davam etdirilmədir. Millət vəkili çıxışı zamanı G.Əhmədovanın stajla bağlı söylədiklərinə münasibət bildirib: "Azərbaycanda pensiya vaxtlı-vaxtında verilir. 30-40 il stajı olub, onun nəzərə alınmaması məsələsinə gəldikdə isə, burada sosializmlə kapitalizm arasında müqayisələr aparılır. Sovet hökümətində pensiya məsələsinə yanaşma başqa idi. Kapitalizm dövründə isə yanaşma başqa cürdür. Bu prinsipi ümumiləşdirib, sosializmdən çıxıb yeni sistemə keçməliyik. Pensiya sosial təminatdır. Azərbaycanda az qala əhalinin yarısı pensiyaçıdır. Pensiya o demək deyil ki, həmin insanın bütün xərclərini ödəsin. Hansı kəndə gedirsən, yaşından asılı olmayaraq yarısı pensiyaçıdır. Bununla bağlı araşdırmalar aparılmalı, kimlərin həqiqətən pensiyaçı olduqları müəyyənləşdirməlidir. Bunada bir yenilik gətirilməlidir. Müəyyən islahat aparılmalıdır".

Müzakirələrə qatılan millət vəkili Fəzail İbrahimli bildirib ki, cəmiyyətin iqtisadi durumu necədirsə, DSMF da layihəsini ona uyğun təqdim edir. Layihə elmi iqtisadi cəhətdən əsaslandırılıb.

Fazil İbarahimli: "Günlərlə, saatlarla poçtun qabağında dayanan ahıllar bu gün ciblərində kartla rahat şəkildə pensiyalarını alırlar. Bu gün Azərbaycanın hər kəndində bankomat qoymaq mümkün deyil. Bunun üçün xüsusi vəsait ayrılmalıdır. Yorğanımıza görə ayağımızı uzatmalıyıq. Bütün bunlar zaman tələb edən məsələlərdir. Bu da öz həllini tapacaq".

Layihə haqqında millət vəkili Pənah Hüseyn də çıxış edib: "Avqust ayında ölkə başçısının sərəncamı ilə daxili borclar silindi. Əgər bu belədirsə, qazda olan borclar silindiyi kimi nə üçün su və elektrik borcları silinmir? Çünki bundan daha çox pensiyaçılar və digər sosial müavinətçilər əziyyət çəkir. Eyni zamanda layihə müzakirə olunarkən 1990-1995-ci illərdə Milli Məclisin üzvü olmuş deputatlara da pensiya verilməsi diqqətdə olmalıdır. Ümumiyyətlə, Türkiyə ilə müqayisə etsək orada minimum pensiya 200-250 manatdır. Biz bundan qat –qat geridəyik".

Müzakirə olunan məsələlərə aydınlıq gətirən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov millət vəkilləri tərəfindən ona ünvanlanan sualları cavablandırıb. İlk növbədə regionlarda bankomatların artırılması məsələsinə aydınlıq gətirən S.Müslümov bildirib ki, DSMF bu məsələ ilə bağlı dəfələrlə ölkə üzrə monitorinq keçirib.

Onun sözlərinə görə, Fond monitorinq zamanı bankomatların hara qoyulmasını araşdırıb və Beynəlxalq Banka və Kapital Banka müraciət göndərilib: " Onların bizim qarşımızda öhdəlikləri olduğu kimi bizim də onların qarşısında öhdəliklərimiz var. Belə ki, biz hər pensiyaçıya görə həmin banklara 7 ABŞ dollar ekvalentə görə xidmətlər göndəririk. Buna baxmayaraq biz bankomatların artırılması ilə bağlı həmin banklara xahiş şəkildə müraciət etmişik. Növbəti ildə xidmət kartları başa çatır. Növbəti tender elan etdikdə bu məsələ şərtlərin sırasına daxil olacaq".

Hazırda Milli Məclisdə "Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə