“2018-ci ilin dövlət büdcəsi Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin mükəmməl göstəricisidir. Gələn ilin büdcə layihəsi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının ardıcıllıqla və məqsədyönlü şəkildə həyata keçirilməsinin dinamikasını əyani şəkildə əks etdirir”. Bu fikirləri SİA-ya Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbbibəyli deyib.
O bildirib ki, dövlət büdcəsinin sosialyönümlü olması prinsipi 2018-ci ilin layihəsində də qorunub saxlanılıb: “Büdcə qanununda sosial siyasətin əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri ilə yanaşı, konkret sosial proqramların həyata keçirilməsinə doğru istiqamətləndirilməsi bu zəruri sahədə məqsədyönlü islahatların reallaşdırılmasına imkan yaradır”.
Növbəti ilin büdcəsində təhsil xərclərinin 11,3 faiz artırıldığını deyən komitə sədri söyləyib ki, bu, ölkəmizdə davamlı təhsil islahatlarının aparılmasına meydan açacaq: “Təhsil xərcləri içərisində təhsilin bütün pillələri üzrə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması ilə birlikdə peşə təhsilinə, məktəbəqədər təhsilə və elektron təhsilə xüsusi diqqət yetirilməsi bu istiqamətlərdə mövcud boşluqların aradan qaldırılmasına və real tələbatların gerçəkləşdirilməsinə doğru atılmış mühüm addımlar kimi yüksək qiymətləndirilməlidir.
Dövlət büdcəsi zərfindəki elm xərcləri üzrə nəzərdə tutulan artım, aparılan təhlillər və proqnozlar Azərbaycan Respublikasının elm siyasətinin prioritetlərini real şəkildə əks etdirir. Bu, Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatların daha da genişləndirilməsinə meydan açacaq”.
İ. Həbibbəyli söyləyib ki, 2018-ci ilin büdcə zərfində ilk dəfə olaraq ölkəmizdə Milli İnnovasiya Proqramının və İnnovasiya Bankının yaradılmasına, biotexnologiyanın inkişafı üçün zəruri əsaslı vəsaitlərin nəzərdə tutulması Azərbaycan elminin yeni hədəflərinə çatmaq üçün stimulverici faktordur: “Dövlət büdcəsindəki elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin genişləndirilməsi haqqındakı müddəalar Azərbaycan təcrübəsi əsasında “Elmi fəaliyyət sahəsində sahibkarlıq və innovasiya” adlı yeni qanunun hazırlanması zərurətini irəli sürür. Həm ölkə iqtisadiyyatında elm faktorunun genişlənməsi, həm də elmi mühitdə sahibkarlıq və innovasiyaya meylin qüvvətlənməsi belə bir qanuna ciddi ehtiyac doğurur. Ölkəmizdə “Elm haqqında” qanunun tətbiqindən sonra elmi mühitdə sahibkarlıq və innovasiya fəaliyyətinin genişlənməsi və sürətlənməsi, bu istiqamətin xüsusi çəkisinin artması da belə bir qanunun yaradılmasını aktuallaşdırır. Bütövlükdə, 2018-ci ilin dövlət büdcəsi ölkəmizin digər sahələri kimi elmin və təhsilin də yeni inkişafına təminat verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB