Baş Prokurorluq Qusar rayon sakininin vəfatı ilə əlaqədar məlumat yayıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu Qusar rayonunun Hil kənd sakini, 2000-ci il təvəllüdlü Daşdəmirov Nəsrəddin Radik oğlunun guya ögey anası tərəfindən döyülərək aldığı xəsarətlərdən Qusar rayon xəstəxanasında vəfat etməsi barədə həqiqətə uyğun olmayan informasiyalarla bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya daxil olan məlumatda bildirilir ki, N.Daşdəmirov 2017-ci il oktyabrın 2-də ağır vəziyyətdə “ağciyərlərin infiltrativ vərəmi, tənəffüs çatmamazlığı” diaqnozu ilə Bakıda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna gətirilib. Xəstəyə müvafiq tibbi yardımların göstərilməsinə baxmayaraq, o, oktyabrın 3-də orada vəfat edib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda tam, hərtərəfli və obyektiv araşdırma aparılıb, zəruri prosesual hərəkətlər yerinə yetirilib, o cümlədən məhkəmə-tibbi ekspertizası təyin olunub.
Ekspertizanın rəyi ilə müəyyən edilib ki, N.Daşdəmirovun meyiti üzərində hər hansı bir xəsarət aşkar edilməyib. Onun ölümünə səbəb ağciyərlərin iki tərəfli virus mənşəli fəsadlaşmış, irinli hemorragik pnevmoniyası ilə əlaqədar baş vermiş kəskin tənəffüs çatışmamazlığı olub.
Mərhumun ölümü ilə bağlı cinayət hadisəsi olmadığına görə rayon prokurorluğunda 2017-ci il noyabrın 3-də cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında qərar qəbul olunub.
Həmçinin N.Daşdəmirovun ögey anası tərəfindən döyülməsi ilə bağlı məlumatların araşdırılması üçün material ərazi aidiyyəti üzrə Qusar Rayon Prokurorluğuna göndərilib. Hazırda həmin hissə ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılır.
“Kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirsinlər”, - deyə məlumatda xüsusi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB