Mübariz Qurbanlı: “Məzar yerləri satılmır və insanlara pulsuz verilməlidir” - AÇIQLAMA SƏS TV
“Məzarlıqlar haqqında” qanun layihəsi baxılması üçün hazırda Nazirlər Kabinetindədir. Layihə qəbul edildikdən sonra növbəti mərhələlərdə yeni ayrılacaq məzarlıqlar, insanların dəfn mərasimləri və s. məsələlər həmin qaydalarla tənzimlənəcək". SİA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı böyük şəhər olduğundan və burada milyonlarla insan yaşadığına görə məzarlıqlarda yer çatışmazlığı yarana bilər: “Bu hal yalnız bizim şəhərə aid deyil, bütün böyük şəhərlərdə bu cür hallarla qarşılaşılır. Qəbiristanlıqlar üçün yeni yer ayrılması istiqamətində işlər gedir. Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı müvafiq tədbirlər görür. Məzar yerləri satılmır və insanlara pulsuz verilməlidir. Yeni qaydalarda bu tam aydın şəkildə öz əksini tapıb. Hətta dəfn xərcləri ilə əlaqədar dövlət sosial proqramlara uyğun olaraq vətəndaşlara yardımlar göstərir".
M.Qurbanlı qeyd edib ki, gələcəkdə qaydalar təsdiq edilsə, müvafiq icra hakimiyyəti bununla məşğul olacaq: “Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bəzi məsələlərdə nəzarət funksiyası verilə bilər. Məzarlıqlarda yerlərin ayrılması digər qurumların səlahiyyətinə aiddir. Həqiqətən elə qəbiristanlıqlar ola bilər ki, orada məzar yerləri obyektiv səbəbdən olmaya bilər”.
O, Naxçıvanda məzar daşlarının forması ilə bağlı qərarın təsdiqlənəcək qaydalara uyğun olduğunu vurğulayıb: “Gələcəkdə Azərbaycanın digər yerlərində də məzar daşları Naxçıvandakı kimi olacaq. Burada islami dəyərlərə, milli adət-ənənələrə zidd heç nə yoxdur. Məzarlar biri digərindən kəskin şəkildə fərqlənə bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB