“Bu qələbələri Prezidentimiz Cənab İlham Əliyevlə çiyin-çiyinə gedərək qazanacağıq” FOTOLAR

“Bu qələbələri Prezidentimiz Cənab İlham Əliyevlə çiyin-çiyinə gedərək qazanacağıq” FOTOLAR

Müsahibimiz, Yeni Azərbaycan Partiyasının Xətayi rayon Qadınlar Şurasının və Gənclər Birliyinin üzvü, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti, tanınmış təhsil işçisi Nuranə Şıxəliyevadır

Nuranə xanım, bugünlərdə erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində səfəriniz oldu. Ümumiyyətlə, bu səfərinizi hansı təəssüratlarınızla bölüşərdiniz?

İlk öncə qeyd edim ki, Cocuq Mərcanlıya səfərimiz Yeni Azərbaycan Partiyasının Səbail rayonu təşkilatının təşəbbüsü ilə baş tutmuşdu. Bu təşəbbüsdə iştirakçı olmağıma, dəvət edildiyimə görə, partiyadaşlarıma, əqidədaşlarıma öz dərin minnətdarlıqlarımı çatdırmaq istərdim. Bu, həm də bir qələbə əzmli səfər idi. Çünki Cocuq Mərcanlıya gedən yolun davamı Xankəndimizə, Şuşamıza doğru istiqamət alıb. Ona görə də bu səfərin mahiyyəti bizlərin hər biri üçün çox önəmli, çox qürurluydu.

Bəs orada ilk gördüyünüz nə oldu?

İlk gördüyüm ermənilərin 24 il əvvəl yerlə-yeksan etdiyi, yandırıb külə döndərdiyi kənddən əsər-əlamətin qalmaması idi. Çünki möhtərəm dövlət başçımız, cənab Prezident İlham Əliyevin göstərişinə əsasən, kənd yenidən qurulub. Cocuq Mərcanlı elə bir müasir görkəm alıb ki, onu heç təsəvvürümüzdə canlandıra bilməzdik. Ona görə də Cocuq Mərcanlıya səfərimiz zamanı Prezident İlham Əliyevin sərəncamı ilə kəndin bərpası istiqamətində həyata keçirilən tədbirlər, ərazidə aparılan minatəmizləmə və tikinti işləri ilə də yaxından tanış olduq. Ümumiyyətlə, orada, Lələ Təpə yüksəkliyində dalğalanan üçrəngli bayrağımız qürurumuzu tükənməz dərəcədə artırdı.

Əlbəttə ki, əsgərlərimizlə, zabit heyətimizlə də görüşdünüz...

Təbii ki görüşdük. Biz onlara öz sovqatlarımızı çatdırdıq. Eyni zamanda, əsgər və zabit heyəti ilə görüşəndə onların hər birinin gözlərində işğalda qalmış digər torpaqlarımızın tezliklə azad etmək istəklərini, ona can atmalarını gördük və əlbəttə, şəhidlərimizi, qəhrəmanlarımızı da unuda bilməzdik. Müqəddəs bir amal – torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhlarını andıq, orada növbə çəkən hərbçilərimizlə görüşdük.

Kəndin infrastrukturu və inkişaf perspektivləri ilə necə, tanış oldunuzmu?

Ümumiyyətlə, kənddə bütün infrastrukturların yenilənməsi, bərpası üzrə işlər aparılır. Burada uşaq bağçası, məktəb, tibb, mədəniyyət obyektləri inşa edilir. O cümlədən, ərazidə çox gözəl abadlaşdırılma layihələri icra edilir. Ağacəkmə kampaniyası isə kənddə həyatın canlanması istiqamətində addımlardan biri olaraq yaddaşımızda qaldı. Onu da xüsusilə qeyd etmək istərdim ki, işğaldan azad olunmuş kənddə məktəbin, səhiyyə ocaqlarının, uşaq bağçasının tikintisində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri vardır. Əbəs yerə deyil ki, Cocuq Mərcanlı kəndi nəninki xalqımızın, artıq dünyanın diqqətindədir. Ölkəmizdə fəaliyyət göstərən səfirlər, beynəlxalq təşkilatların, diaspor təşkilatlarının nümayəndələri, xarici jurnalistlər işğaldan azad edilmiş kəndə tez-tez səfər edirlər. Bu, düşmən işğalından azad olunan və azad ediləcək torpaqlarımıza böyük qayıdışın başlanğıcıdır. Bu, həm də tükənməz inamdır. Təkcə qaçqın və məcburi köçkünlər deyil, bütün Azərbaycan xalqı ölkə başçısının səyi və ordumuzun qüdrəti sayəsində işğalda olan torpaqlarımızın azad ediləcəyinə inanır. Və bir gün işğal altında olan o torpaqlarda da sürətli tikinti işləri aparılacaq, insanlar doğma yurdlarına qayıdacaqlarnın sevincini yaşayacaqlar.

Kənd sakinlərinizlə görüşləriniz necə keçdi?

İnanın, hər bir Cocuq Mərcanlı sakini özlərini çox xoşbəxt hiss edirlər. Öz dədə-baba yurduna geri dönmək, şəxsi təsərrüfat işlərini aparmaq – bütün bunlar adi bir vətəndaşın, adi bir azərbaycanlının ən böyük xoşbəxtliyidir. Təbii ki, Cocuq Mərcanlının işğaldan azad edilməsi, inkişafı və bərpası Ali Baş Komandanımız, ölkə başçımız Cənab İlham Əliyevin bilavasitə tapşırığı əsasında həyata keçirildiyi üçün bizlər Ona öz dərin minnətdarlıqlarımızı bildiririk. Çünki Onun qətiyyəti və müdrik siyasəti nəticəsində biz həmin sevinc hisslərimizi bir-birimizlə bölüşürük və inanırıq ki, çox yaxın zamanlarda növbəti qələbələrimizin müjdələrini verəcəyik. Müqəddəs bayrağımız Xankəndində, Şuşada, Kəlcəbərdə, Laçında, Ağdamda, Zəngilanda və digər işğal olunmuş torpaqlarımızda dalğalanacaq, necə ki, Lələ Təpədə dalğalanaraq, yağı düşmənə öz yerini göstərir. Çünki Azərbaycanın adı qələbələrə layiqdir və bu qələbələri Ali Baş Komandanımız, Prezidentimiz Cənab İlham Əliyevlə çiyin-çiyinə gedərək, məhz Onun ətrafında sıx birləşərək qazanacağıq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə