AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda II Beynəlxalq elmi-nəzəri konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb, multikulturalizmin Azərbaycanda həyat tərzi olmasını vurğulayıb. 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən İslam Həmrəyliyi olmasını qeyd edən akademik Finlandiyada, İstanbulda, Daşkənddə, Sankt Peterburqda bununla bağlı geniş tədbirlər keçirildiyini vurğulayıb. O, AMEA-nın Qafqaz Müsəlmanları İdarəsi və Dini Məsələlər üzrə Dövlət Komitəsi ilə birlikdə də bir çox tədbirlərə imza atdığını bildirib.
Daha sonra Azərbaycanın Prezidentinin və rəsmi dövlət qurumlarının elmə və alimlərə xüsusi qayğısından danışıb. O, son illər akademiyada aparılmış islahatların nəticələri, alimlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib. Vitse-prezident çıxışının sonunda konfransın işinə uğurlar diləyib, iclasların səmərəli keçəcəyinə əmin olduğunu bildirib.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik- katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əlyazmaların toplanması, nəşri və qorunub saxlanması sahəsində son dövrdə görülən işlərdən söhbət açıb. O, dünya kitabxanalırnda Azərbaycana aid böyük xəzinənin olduğunu, onun insanların üzünə açılmasının vacibliyini vurğulayıb. T.Kərimli həmin əlyazmalarda Azərbaycanın mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləri barədə çox zəngin fakt və informasiyaların olduğunu bildirib. O, həmin xəzinəni dünyaya çatdırmağın vaxtının çoxdan çatdığını qeyd edib.
Akademik bu məsələdə beynəlxalq konfransın mühüm rol oynayacağını qeyd etmiş və bu ənənənin gələcəkdə də davamlı olmasının zəruriliyini vurğulayıb.
Plenar iclasda İran İslam Respublikasından gəlib, Təbriz Azad Universitetinin, professoru Mohəmməd Amin Sultan Ol-Qurrai “Təbrizli Saibin “Külliyyatı”nın nadir əlyazma nüsxəsinin tanıtımı”, AMEA-nın Gəncə Elmi Mərkəzinin əməkdaşı, filologiya elmləri doktoru, professor Xəlil Yusifli “Nizami Gəncəvi əsərlərinin əlyazmaları və elmi-tənqidi nəşrləri” , Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli “Koroğlu”nun Paris və Tiflis nüsxələri dünya kitab dövriyyəsində”, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Həcc səfərləri marşrutları xatirə və səfərnamələrdə”, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev “Akademik Vasim Məmmədəliyevin Azərbaycanda İslam həmrəyliyində rolu” məruzələri dinlənilib.
Günün ikinci yarısında keçirilən bölmə iclaslarında müxtəlif mövzular ətrafında otuzdan çox məruzə oxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB