Çaylarda suyun səviyyəsi artdı

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 130-180, Lənkəran-Astara bölgəsi çaylarında 100-190, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 178 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 215 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 42 m3/s olmaqla, ongünlük normanın 52 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 81 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6 sm artım, Bankədə 14 sm azalma qeydə alınıb, lakin Surrada, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 369 m (2016-cı il noyabrın 24-də 471 sm), Şirvanda 251 sm, Salyanda 208 sm (2016-cı il noyabrın 24-də 303 sm), Bankədə 199 sm (2016-cı il noyabrın 24-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2016-cı il noyabrın 24-də 165 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə