Raqif Abbasov: “Əvəllər narkomaniya aludəçilərinin yaş həddi 30-35 idisə, indi bu yaş həddi 15-20 olub” - MÖVQE

Raqif Abbasov: “Əvəllər narkomaniya aludəçilərinin yaş həddi 30-35 idisə, indi bu yaş həddi 15-20 olub” - MÖVQE
Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən (BŞGİBİ) birgə təsdiq olunan tədbirlər planına müvafiq olaraq "Narkomaniyadan özümüzü qoruyaq" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda BŞGİBİ-nin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Respublika QİÇS-lə mübarizə Mərkəzinin İctimai əlaqələr və profilaktika şöbəsinin müdiri Səbinə Babazadə, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Bakı Slavyan Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Kənan Məmmədov və digərləri iştirak ediblər.

Konfransda bir neçə rəsmi qonaqlar kimi Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları iş şöbəsinin məsul əməkdaşı Tanrıverdi Aydınov, Səhiyyə Nazirliyinin məsul əməkdaşı Tahir Hacıyev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Aydın Rəcəbli yaxından iştirak edib.

Tədbirdə ilk növbədə "Narkomaniyaya yox deyək" adlı film nümayiş edilib

Konfransı giriş sözü ilə açan BŞGİBİ-nin rəisi Raqif Abbasov bildirib ki, son illər narkomaniya cəmiyyətin ən ağır probleminə çevrilib. Onun sözlərinə görə, təəssüf ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də bununla bağlı işlər görülsə də problem aktuallığını saxlamaqdadır. Narkomaniyanın gəncləşdiyini deyən R. Abbasov söyləyib ki, əvəllər narkomaniya aludəçilərinin yaş həddi 30-35 idisə, indi bu yaş həddi 15-20 olub: "Belə getsə bu problem böyük narahatçılıq yaradacaq. Narkomanların sayının artması gələcəyimizi təhlükə altına alır. Bunun qarşısının alınması üçün ciddi addımlar atılmalı, mühüm işlər görülməlidir. Bizim idarərə də buna əsaslanaraq mühüm tədbirlər görür, bu mövzuda sərgilər, inşa müsabiqələri keçirir. Dərslərin başlamasını nəzərə alaraq biz ali məktəblərdə narkomaniya ilə bağlı maarifləndirmə işləri aparacağıq. Düzdür bu üsulla bəlaya düçar olanları geri qaytara bilməsək də, buna qoşulmanın qarşısını ala bilərik".

Çıxış zamanı maarifləndirmə işində KİV-lərin də roluna toxunan idarə rəisi bildirib ki, son zamanlar mediada narkomaniya ilə bağlı analitik yazılara, araşdırmalara, məqalələrə rast gəlinmir, sosial reklamlar azlıq təşkil edir.

O söyləyib ki, bu bəlanın qarşısının alınması istiqamətində hər biri insan birləşməli, vahid şəkildə çalışmalıyıq.

Qeyd edək ki, tədbir qonaqların bu mövzu ilə bağlı çıxışları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə