“Bizə uzanan əllər…” layihəsi çərçivəsində xeyriyyə tədbiri keçirilib

Bakıda Azərbaycan Ağsaqqallar Şurasının “Bizə uzanan əllər…” layihəsi çərçivəsində imkansız ailələrin uşaqları üçün xeyriyyə tədbiri keçirilib.

Tədbirin təşkilatçısı Günay İman xeyriyyə tədbirində 30-dan artıq imkansız ailələrin uşaqlarına müxtəlif hədiyyələr verib, onlar üçün musiqi proqramı təşkil edilib. Azərbaycan Ağsaqqallar Şurasının məclis üzvü Mail Əliyev xeyriyyə tədbirinin əhəmiyyətindən danışıb, layihənin 2006-cı ildən keçirildiyini və artıq ənənənə halını aldığını deyib: “Bu layihə “Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə yaranıb. On ildən çox davam edən layihə çərçivəsində təşkil olunan tədbirlərdə az imkanlı, yaxud valideyn himayəsindən məhrum olan ailələrin uşaqları sevinir, onlar üçün musiqi proqramı, əyləncə tədbirləri təşkil olunur. Bu işdə əməkdaşlarımızın da rolu böyükdür. Bugünkü tədbir Günay İmanın təşkilatçılığı ilə keçirilir. Biz aztəminatlı ailələrə öz qayğımızı bundan sonra da göstərəcəyik, hər zaman onların yanında olacağıq”.

Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktor müavini Şərafət Şəfa “Bizə uzanan əllər…” xeyriyyə tədbirlərinin təkcə şəhər daxilində deyil, cəbhə bölgələrində də təşkil olunduğunu diqqətə çatdırıb: “Əsasən valideynsiz əsgərləri hədəf seçmişik. Eyni zamanda qocalar və körpələr evini tez-tez ziyarət edirik. Bu bizim vətəndaşlıq borcumuzdur. Bugünkü tədbiri keçirməkdə məqsədimiz də körpələrin qəlbinə kiçik sevinc bəxş etməkdir. Sağ olsunlar, xeyirxah insanlar, müxtəlif şirkətlər. Onları hər zaman öz yanımızda görürük, bizə yaxından dəstək verirlər. Bu işdə ən böyük yük əməkdaşımız Günay İmanın boynuna düşür. Günay İman xeyriyyəçi bir xanım olduğu üçün biz bu layihəni ona həvalə etmişik. Eləcə də onun həyat yoldaşı Fərid İman bizim bütün tədbirlərimizdə musiqi tərtibatçısı kimi dəstək olur. Elimizin xeyirsevər insanları sayəsində çox ailələrə işıq, nur, sevinc apara bilirik”.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə