Əks halda, demədi-deməyin... KÖŞƏ YAZISI

Əks halda, demədi-deməyin... KÖŞƏ YAZISI

Hər bir sahədə çalışan insan üçün əsas dəyər onun öz işinə məsuliyyətlə yanaşması və həmin işinə dəyər verməsidir. Rəngsaz öz fırçasını, dülgər öz rəndəsini, fotoqraf fotoaparatını, musiqiçi ifa etdiyi musiqi alətini, lap elə qəssab da öz baltasını sevdiyi və dəyər verdiyi kimi, jurnalist də öz qələminə dəyər verir. Ancaq naşı və öz peşəsinə sadiq olmayanlar necə deyərlər, öz “çörək ağacına” nankorluq edib, onu qiymətdən sala bilər. Sözümün isə canı var...

Uzun illərə söykənən Azərbaycan mətbuatının öz ənənəsi, jurnalistika məktəbi formalaşıb. Xüsusilə, tənqidi sferada milli mətbuatımız digər ölkələrin mətbuatını öz əsrarəngizliyi ilə üstələyir. Ümumiyyətlə, “Əkinçi”dən başlayaraq, “Molla Nəsrəddin”ə qədər, “İrşad”, “İqbal”, “Üllfət” və s. çoxsaylı qəzet və dərgilərimizdə zamanına uyğun tənqidlər yazılıb ki, el dili ilə desək, daşı belə, dəlib-keçib. O da əbəs deyil ki, hətta dahi şəxsiyytələrimiz öz qələmlərinin itiliyini tənqidi yazıları ilə yoxlayıblar. Təkcə, böyük bəstəkarımız Üzeyir Hacıbəylinin “Ordan-burdan” toplusunu oxuyarkən, bu günün özündə də ortaya çıxarılan tənqidi düşüncələrdən həzz alırıq. Bax, belədə tənqdi mətbuatımız gəlib-çıxıb müasir dövrlərimizə və təəssüf ki, zəngin milli mətbuat tariximizi ləkələyən ünsürlər meydana çıxmağa başlayıblar ki, tənqidi reketçilik deyilən bir qara yara ilə əvəzləyiblər. Şantaj, böhtan, qərəz, hikkə və leksikonumuza aid olan müxtəlif cür mənfi təsir bağışlayan ifadələri özündə toplayan reketçilik amili tamamilə çərçivədən çıxıb və jurnalistika adına ağır yaralar vurub. Bu gün özünü real jurnalist hesab edən və cəmiyyətdə də bu cür tanınan hər bir qələm sahibi digərləri qarşısında bu peşəyə sahib olduğunu deyərkən ehtiyat edir. Çünki bu ada ləkə gətirənlər elə bu adı aşağılayıb, ucuzlaşdırıb və ona xəyanət edib!

İnsanların şəxsiyyətlərinə, ləyaqətlərinə, hətta ailə-uşaqlarına belə məhəl qoymadan haqlarında ağıllarına və ağızlarına gələni mürəkkəb suyuna bulaşdıranların günahıdır ki, cəmiyyətdə JURNALİST adına bəzən “zurnalist” damğası vurulur. Əlbəttə, öz peşəsini sevən və qələminə hörmət qoyan qələm sahibi üçün bu ifadə çox ağır bir amildir. Sual yaranır: nəyə görə illər öncə bu mötəbər peşəyə istehzalı ayamalar qoşulmurdu? Bunun cavabı bəsitdir. Çünki bu adın hörməti, izzəti hər zaman ən yüksək mövqelərdə dayanıb. Bu gün də belədir, sadəcə və sadəcə onu gözdən salan ünsürlər, qələmi şəxsi mənfəətlərinə satıb haram pula çevirənlər var!

Yeri gəlmişkən, bir müddət əvvəl həbs edilən reket jurnalistlərin – Surxay Məmmədlinin, Habil Əliyevin, Fikrət Fərəməzoğlu onlardan daha öncə həbs edilən Nazim Quliyevin dərc etdirdikləri qəzetləri nəzərdən keçirdikdə daha hansı şantaj və böhtanları görmürük? Üstəlik, ətraflarında saxladıqları pozğun qadınlara belə (!) vəsiqə verib, onların vasitəsi ilə yüksək vəzifəli insanlara, iş adamlarına qarayaxmalar, şərlər atmaları, gizli videoçəkilişlər, montajlar edərək, ailələrinə göndərmələri – bütün bunlar reketçiliyin görünən tərəfləri kimi qeyd oluna bilər. Biz, hələ görünməyən tərəflərini demirik...

Artıq, zaman yetişib və bu qara yara ilə barışmaz mübarizə aparmağın vaxtıdır. Nə qədər ki, gec deyil, ölkəmizin milli mətbuat səhifəsini bu cür ünsürlərdən təmizləməyin vaxtı çatıb. Hər halda bu barədə konkret ölçülərin götürülməsi vacibliyi ortadadır. Əks halda, demədi-deməyin...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə