Millət vəkili Alxanlı kəndində olub FOTOLAR

"Bu gün Fizuli rayonunun Alxanlı kəndində oldum. Kənd Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinə bitişikdir. 1992-1993-cü illərdə qardaşım Rübai bu rayonun müdafiəsində zabit kimi vuruşub". Bu fikirləri millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 4 iyul 2017-ci il tarixində, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində dinc əhalidən yaşyarımlıq Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva öldürülmüşdü:
"Bu günlərdə tərtibçiliyimlə həmin faciəyə həsr edilmiş "Ermənistanın Azərbaycana hərbi təcavüzündə yaşyarımlıq Zəhra Quliyeva faсiəsi" adlı kitab nəşr edilmişdi. Kitabın elmi məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənovdur. Kəndə səfər etməkdə məqsəd həmin kitabı Zəhranın valideynlərinə təqdim etmək idi. Fizuli rayon rəhbərliyinin də iştirakı ilə əvvəlcə kənd qəbirstanlığında Zəhra və nənəsinin qəbirləri ziyarət edildi və ruhlarına dua oxundu".

A.Mirzəzadə əlavə edib ki, hadisə Quliyevlərin evlərinin yanında baş vermişdi və oraya baxış oranın heç bir hərbi əhəmiyyət daşımadığı açıq görünürdü: "Elnur Quliyevin həyətində kənd sakinlərinin iştirakı ilə kiçik bir tədbir - kitabın təqdimatı keçirildi və kitab ailəyə və iştirakçılara paylandı. İştirakçılara kitabın xaricdə də nəşr edilməsinin nəzərdə tutulduğu bildirildi. Kənd sakinləri ilə söhbət əhalinin mətinliyini və torpaqlarına bağlılığını bir daha təsdiq etdi. Sakinlər dövlətimizə və cənab Prezidentə inandıqlarını və torpaqlarımızın Ermənistan işğalçılarından azad edilməsi uğurunda döyüşə daim hazır olduqlarını bildirdilər. Səfər kitabın ikinci cildinin də hazırlanmasına ehtiyac olduğunu göstərdi".

Millət vəkili imkandan istifadə edib Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə də getdiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə