Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində payız tətili başlayır. Ağır dərs günlərindən sonra tətil bütün uşaqlar üçün bayram kimi qəbul edilir. Lakin nədənsə bəzi valideynlər tətil günlərində də uşaqları dərs oxumağa, yazı yazmağa, müxtəlif test tapşırıqları etməyə məcbur edirlər. Bəs əslində uşaqlar tətil günlərində nə etməli və bu günləri necə keçirməlidirlər?
Məsələ ilə bağlı SİA-ya açıqlama verən Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova bildirib ki, tətil insan psixologiyasının müəyyən müddətə qədər dincəlməsi deməkdir.
Onun sözlərinə görə, tətil günlərində uşaqlar gündəlik etdiklərindən uzaqlaşmalıdırlar: “Əgər uşaqlar dərs günlərində məktəbə getmək üçün tez oyanmaq məcburiyyətində qalırsa, tətil günlərində bunun etməyə bilərlər. Tətil günlərində ən çox məsuliyyət valideynlərin üzərinə düşür. Onlar uşaqların tətil günlərində yetərincə istirahətini təşkil etməyə çalışmalıdırlar. Təbii ki tətil günlərində dərsə də vaxt ayrılmalıdır. Amma bu 1 saatdan artıq olmaya bilər. Tətil müddətində valideynlər uşaqların daha rahat, azad, sərbəst hərəkət etmələri üçün şərait yaratmalıdırlar”.
Psixoloq vurğulayıb ki, tətil müddətində uşaqların təmiz havada daha çox olması məsləhət görüləndir: “Yaxşı olardı ki, uşaqlar bu müddətində hər hansı bir idman növü ilə də məşğul olsunlar. Üzgüçülük, gimnastika uşaqlarda qan dövranının yaxşılaşdırılmasına xidmət edir. Uşaqların tətil günlərində bu idman növləri ilə məşğul olması, onların özlərini daha yaxşı hiss etməsi, dərslərinin tez qavranmasına müsbət təsiri ola bilər”.
“Tətilin maraqlı və səmərəli təşkili uşaqların dərs günlərinə daha enerjili olmasına kömək edir. Valideynlərin tətil günlərində psixoloji hazır olması əsas şərtlərdəndir. Uşaqlar tətil günlərində normal olaraq 8 saat yatmalı, düzgün qidalanmalı, daha çox ünsiyyətdə olmalıdırlar. Bir sözlər, maraqlı, əyləncəli tətil keçirən, dincələn uşaqlar dərs günlərinə həvəslə hazırlaşırlar”.
Məlumat üçün nəzərinizə çatdıraq ki, payız tətili noyabrın 16-da başlayacaq və noyabrın 20-də başa çatacaq.
Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə noyabrın 21-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB