Tur-aksiya: Qarabağ məktəbliləri Quba-Qusar-Xaçmaz istiqamətində yola çıxıblar FOTOLAR

Tur-aksiya: Qarabağ məktəbliləri Quba-Qusar-Xaçmaz istiqamətində yola çıxıblar FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Qarabağ bölgəsinin məktəbliləri də cəlb edilib. Tərtər, Ağdam, Ağcabədi, Bərdə və Beyləqan rayonlarından ümumilikdə 200 məktəbli noyabrın 11-14-də “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında olacaqlar.

SİA-nın məlumatına görə, noyabrın 11-də Tərtər şəhərində rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə məktəblilərin bir qrupunun yola salınması mərasimi keçirilib.

Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, ölkəmizdə gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb, dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanı məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib. O, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın, o cümlədən bölgələrin dinamik sosial-iqtisadi inkişafı barədə geniş məlumat verərək, tur-aksiya iştirakçılarına getdikləri şəhər və rayonlar haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar tapmağı tövsiyə edib və mənalı istirahət arzulayıb.

M.Məmmədov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına göstərdikləri diqqət və qayğıdan, gənclərin vətənpərvərlik tərbiyəsindən də bəhs edib, 2016-cı ilin aprel döyüşlərində ordumuzun uğurları, “Böyük qayıdış”ın ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması barədə söhbət açıb.

Qrupun rəhbəri Tunarə Məmmədzadə müsahibəsində deyib: “Bu gün cəbhə bölgəsində yaşayan tərtərli məktəblilər Quba, Qusar, Xaçmaz rayonlarına yola düşürlər. Gözəl təbiəti, tarixi abidələri və multikultural ənənələri ilə seçilən bu bölgə ilə tanışlıq şagirdlərdə yüksək təəssüratlar yaradacaq, dünya görüşlərinin formalaşmasında mühüm rol oynayacaq. İnanıram ki, məktəblilər səfərdən xoş xatirələrlə qayıdacaqlar”.

Umudlu kənd tam orta məktəbin şagirdi Günay Qasımzadə tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini bildirib: “Ölkəmizin şimal bölgəsi haqqında xeyli məlumatım var. Tur-aksiya bu bölgəni daha yaxından tanımağımıza imkan yaradacaq”.

Tur-aksiya iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın şimal bölgəsinə yola düşüblər.

X X X

Bərdə Rayon İcra Hakimiyyətində tur-aksiyada iştirak edən məktəblilər və onların valideynləri ilə görüş keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ənənə halını almış tur-aksiyaların əhəmiyyətini qeyd edərək, respublikamızda gedən sosial-iqtisadi inkişafdan, ölkəmizin bölgələrinin gündən-günə gözəlləşməsindən danışıb. Əmin olduğunu bildirib ki, məktəblilərə getdikləri yerlər haqqında geniş bilgilər əldə edəcəklər.

Noyabrın 11-də Bərdə rayonunun mərkəzi meydanında rayonun rəhbər işçiləri, müəllim və valideynlərin iştirakı ilə məktəblilər Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salınıb.

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya və təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək, şagirdlərə tur-aksiya barədə geniş məlumat veriblər. Bildirilib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Diqqətə çatdırılıb ki, ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə 7 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda indiyədək 13 min 648 məktəbli iştirak edib. Bu il noyabrın 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyaya isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfər cəlb olunub. Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini veriblər. Şagirdlər Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onlar üçün ayrılmış avtobuslara əyləşərək yola düşüblər.

X X X

Ağdam rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasına Quzanlı qəsəbəsindən yola salınıblar. Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətindən danışıb, şagirdlərə səfərlərinin çox maraqlı keçəcəyini, tur-aksiyadan çox şey öyrənəcəklərini deyib. Bildirilib ki, Quba-Qusar-Xaçmaz bölgəsi də son illər sürətlə inkişaf edib, xüsusən turizmin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Odur ki, hər bir şagird onlar üçün yaradılan bu şəraitdən istifadə etməli, getdikləri bölgənin özünəməxsus xüsusiyyətləri, tarixi abidələri, adət-ənənələri, təbiəti, coğrafiyası, müasir inkişafı barədə geniş bilgilər əldə etməyə çalışmalıdır.

Övladını yola salmağa gələn valideyn Mehman Haqverdiyev tur-aksiyadan məmnunluğunu belə ifadə edib: “Bir valideyn kimi, mənim də istəyim övladımın bilikli, dünyagörüşlü olmasıdır. Bu tur-aksiya məktəblilərə Vətəni gəzmək, doğma diyarın hər bir guşəsini tanımaq, biliklərini artırmaq imkanı yaradır. Tur-aksiyanın təşkilatçılarına, ilk növbədə isə gənc nəslə həmişə diqqət və qayğı göstərən Prezidentimizə minnətdaram.”

Məktəblilər Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra şimal bölgəsi istiqamətində yola düşüblər.

X X X

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Ağcabədi məktəblilərinin də Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başlayıb.

Məktəblilərlə keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək, layihənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində mühüm rol oynadığını vurğulayıblar. Qeyd edilib ki, tur-aksiyanın başlıca məqsədi məktəblilərə ölkəmizi daha yaxından tanıtmaq, Azərbaycan tarixini, mədəniyyətini, ayrı-ayrı bölgələrin adət-ənənələrini dərindən öyrətmək və gənclərdə milli-mənəvi dəyərlərə hörmət aşılamaqdır.

Diqqətə çatdırılıb ki, məktəbliləri 4 gün ərzində ölkəmizin şimal rayonlarında çox maraqlı ekskursiyalar gözləyir. Onlar Quba rayonunda Cümə məscidi, Soyqırımı Memorial kompleksi, Xalçaçılıq emalatxanası, Tağlı Körpü, Qolf meydançası ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” Qış-Yay Turizm Kompleksinə, Xaçmaz rayonunda isə Xalça və “Şəxsiyyətlər muzeyinə", Çənlibel parkına ekskursiya edəcəklər.

Ağcabədi şəhərinin mərkəzi meydanında keçirilən yolasalma mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçiləri və valideynlər məktəblilərə tövsiyələrini verib, “yaxşı yol” arzulayıblar.

X X X

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulan beyləqanlı məktəblilərlə görüş Heydər Əliyev Mərkəzində olub. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev gənclərin dünyagörüşünün daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb, məktəbliləri bu imkandan səmərəli istifadə etməyə səsləyib.

Diqqətə çatdırılıb ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, onlarda vətənpərvərlik ruhunu gücləndirir.

Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində eksponatlarla tanış olub, Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, sonra onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqamətində yola çıxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə