Bayrağımız qürur mənbəyimizdir

Bayrağımız qürur mənbəyimizdir

Pirallahı qəsəbəsində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Pirallahı qəsəbəsi, “Yaşıl Park” ərazisində ağacəkmə aksiyası ilə başlayıb. Pirallahı RİH başçısı Vasif İmanovun, rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyət nümayəndələrinin, könüllü sakinlərin, həmçinin “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarının qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənib, mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 300-dən çox müxtəlif növ ağac və kollar əkilib.

168 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra bayrağımızın tarixi haqqında videoçarx nümayiş etdirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Vasi İmanov Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağının ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən qəbul edildiyini, ikinci dəfə xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildiyini, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək həmin bayrağı Dövlət bayrağı elan etdiyini, ölkə başçısı İlham Əliyevin isə 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd olunması ilə bağlı 2009-cu il noyabrın 18-də sərəncam imzaladığını söyləyib.

O, Dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayrağın azadlığımızı, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirdiyini diqqətə çatdırıb. Ölkəmizin iqtisadi və siyasi qüdrətindən söz açan V.İmanov bildirilib ki, Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Respublikanın hər bir bölgəsi inkişaf edir və çiçəklənir. “Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, bu günlərdə istifadəyə verilmiş Bakı-Tibilisi-Qars dəmir yolunun əhəmiyyəti və sair bu kimi beynəlxalq əhəmiyyətli layihələr bunun bariz nümunəsidir. Diqqətə çatdırılıb ki, bu gün ölkəmiz tarixi bir hadisəni qeyd edir – Azərbaycanın neft hasilatı 2 milyard tonu keçib. Azərbaycanın müasir tarixində ilk beynəlxalq neft sazişini imzalanması nəticəsində dənizdə və quruda yerləşən dünya səviyyəli neft infrastrukturu ərsəyə gəldi və bütün bunlar güclü iqtisadi inkişafa təkan verib. Ən önəmlisi isə “qara qızıl”ı insan kapitalına kapitalına çevirə bildik. Bu əlamətdar hadisə ilə bütün neftçiləri təbrik edən natiq qeyd edib ki, Pirallahı rayonu da neft sənayesinə öz töhfəsini verir. Dünyada ilk dəfə 1935-ci ildə açıq dənizdə neft çıxarılmasına başlanılan Pirallahı rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 3 böyük neft-qazçıxarma idarəsi - "28 May", "Neft Daşları" və "Abşeronneft" NQÇİ-lər, onlara xidmət göstərən SOCAR-ın Dübəndi Neft Kəmərləri idarəsi, 5 saylı Texnoloji Nəqliyyat Departamenti, digər kiçik istehsalat müəssisələri, qara qızıl və mavi yanacaq hasilatını bu gün uğurla həyata keçirirlər. Hazırda rayonun 3 neft-qazçıxarma idarəsinin qəhrəman neftçilərinin səyləri ilə SOCAR-ın yerin təkindən çıxardığı neftin 87%-ni, qazın isə 83%-ni hasil edən Pirallahı bu sahədə özünün liderliyini təmin edir. Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bir qrup Pirallahı neftçisi neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə fəxri adlar və mükafatlarla təltif edilib.

Sonda V.İmanov xalqımızın müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyinin, türk mənşəyini, islam sivilizasiyasına mənsubluğunu ifadə edən milli ləyaqət simvolumuz olan Azərbaycan bayrağını başı üzərində uca tutmağın, vüqarla dalğalandırmağın hər bir azərbaycanlının borcu olduğunu söylədi və tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə