“24 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina olunub”-MÜNASİBƏT

“24 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina olunub”-MÜNASİBƏT
"Sənədləri müvafıq qaydada hazırlanmadığı üçün indiyədək 24 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina olunub. Onlardan 15-i islam, 9-u qeyri-islam təmayüllü dini icmadır. Lakin bu sonuncu rəqəm olmaya bilər". SİA-nın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məlumat verib. O bildirib ki, hazırda dini qurumların dövlət qeydiyyatına alınması işi davam etdirilir. Komitə sədrinin sözlərinə görə, mövcud vəziyyətin təhlili təsdiqləyir ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması, ümumiyyətlə, qeydiyyatla bağlı qanunvericilikdən irəli gələn məsələlərin həlli artıq yekunlaşmaq ərəfəsindədir.

H.Orucov qeyd edib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət Komitəsinin Əsasnaməsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, dini icmalar yalnız dövlət qeydiyyatında alındıqdan sonra fəaliyyət göstərə bilərlər: "Dini qurumlar yenidən qeydiyyatdan keçmək üçün 1 yanvar 2010-cu ilədək müvafıq sənədlərini Dövlət Komitəsinə təqdim etməli idilər. Bu müddətdə sənədlərini təqdim etməyən dini qurumların qeydiyyatı Dövlət Komitəsinin müraciəti əsasında məhkəmə qaydasında ləğv edilə bilər. İlkin dövlət qeydiyyatına alınmaq üçün də xeyli sayda dini qurumun sənədləri dövlət komitəsinə daxil olub. Ümumilikdə, bu günə qədər dövlət qeydiyyatından keçmək üçün 794 dini qurum dövlət komitəsinə müraciət edib. Bu vaxta kimi 400 dini icma qeydiyyata alınıb. Qeydiyyata alınan dini icmalardan biri sonradan ləğv edilib. Amma qeyd edim ki, dini icmaların ləğv edilməsinə bu gündən başlanır".

Daha sonra komitə sədri ölkədə bəzi dini təriqətlərin yayılması məsələsinə də münasibət bildirib. O söyləyib ki, Azərbaycan islam ölkəsidir və ökənin 96%-i müsəlmandır.

Azərbaycan dövləti dini təriqətlərə heç bir qadağa qoymur o həddə qədər ki, onlar gərginlik yaratmasınlar. Dövlət Komitəsi də belə fəaliyyət göstərir. Burada söhbət radikal, eksterimist, başqa qüvvələrdən gedir. Şübhəsiz ki, bu məsələlərin hamısı dövlət nəzarətindədir və müvafiq işlər aparılır. Komitənin nəzarətindən kənarda heç bir problem yoxdur. Ola bilər ki, bəzi problemləri biz hələ həll edə bilməmişik. Amma hazırda bu problemlərin həlli istiqamətində də işlər davam etdirilir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə