"Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mlrd. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8% çoxdur".
SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bunun 72%-i Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışındakı olan öhdəliklərinə xidmət olunması ilə bağlı xərclər təşkil edəcək.
Nazir həmçinin 2018-ci ilin dövlət büdcəsindən publik hüquqi şəxslərin fəaliyyəti üçün ayrılacaq maliyyə vəsaitinin məbləğini də açıqlayıb. Onun sözlərinə görə, publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi üçün dövlət dəstəyi olaraq 111 mln. manat maliyyə yardımı ayrılacaq.
Nazir əlavə edib ki, dövlət tərəfindən maliyyə yardımı, ianə və dotasiyalar şəklində bələdiyyələrə, qeyri-dövlət təşkilatlarına, dini qurum və icmalara, siyasi partiyalar və kütləvi informasiya vasitələrinin inkişafı, Gənclər Fondu, Bilik Fondu, Elmin İnkişaf Fonduna müvafiq məbləğlərdə vəsait nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB