“Uncovering Future Threats” adlı 9-cu beynəlxalq konfransın açılış mərasimi keçirilib YENİLƏNİB

“Uncovering Future Threats” adlı 9-cu beynəlxalq konfransın açılış mərasimi keçirilib YENİLƏNİB

Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin "Uncovering Future Threats" adlı 9-cu beynəlxalq illik konfransının açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Beynəlxalq illik konfrans mütəmadi olaraq hər il İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən birində keçirilir Tədbiri Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini-Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyev açaraq, keçirilən tədbirin mühüm əhəmiyyəti, qlobollaşan dünyada kiber hücumların kritik infrastrukturların fəaliyyəti üçün yaratdığı riskləri və Ölkə Prezidentinin bu sahəyə olan böyük diqqət və qayğısını xüsusi olaraq qeyd etdi, həmçinin, informasiya təhlükəsizliyinin ən prioritet məsələlərindən biri olduğunu bildirib. Tarixən Azərbaycan sülhsevərliyi, qonaqpərvərliyi ilə seçilib.

Azərbaycan öz qədim ənənələrini uğurlu qoruyaraq saxlayıb, dünyaya inteqrasiya edib: "Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib. Bu gün Azərbaycan dünyada xüsusi yeri olan bir ölkəyə çevrilib. Ölkəmiz dünyada mədənəiyyətlərarası svilizasiya və tolerantlıq mərkəzinə çevrilib. Birinci Avropa Oyunları, formula yarışları, İslam Həmrəylik Oyunları buna bir misaldır. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin "Uncovering Future Threats" adlı 9-cu beynəlxalq illik konfransı da belə tədbirlərdən biridir. Bu tədbirin Bakıda keçirilməsi təşəbbüsünün irəli sürülməsinə görə sizə təşəkkür edirəm".

M.Vəliyev bildirib ki, heç bir sərhəd tanımayan kiber təhdidlərə qarşı mübarizədə ölkələrin fərdi fəaliyyəti effektivlik baxımından yetərsiz olur: "Bu baxımdan dünya CERT mərkəzlərinin beynəlxalq səviyyədə əməkdaşlığını, o cümlədən İslam Ölkələri CERT-lərinin birgə fəaliyyətini çox yüksək qiymətləndiririk. Bu əməkdaşlığın hər bir ölkə üçün faydalı olacağını əminliklə söyləmək olar. Qarşılıqlı əməkdaşlıq çərçivəsində səyləri birləşdirmək və bu sahədə təcrübə mübadiləsi aparmaqla qlobal və regional kiber təhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etmək mümkündür. Beynəlxalq CERT təşkilatlarının illik konfranslarının hər il fərqli ölkələrdə keçirilməsi həmin regionlarda müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha da çox ayrılmasına öz töhfəsini verəcək. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifəni uğurlu yerinə yetirir".

İslam Əməkdaşlıq Təşkilatı İnformasiya Texnologiyaları bölməsinin direktoru Vajdi Alquliti qeyd edib ki, hazırda terrorizm istənilən cəmiyyət üçün dəhşətli düşməndir: "Terrorizm sərhədlər tanımır, dinlər və millətlər arasında fərq qoymur, dağıdıcı mahiyyətə malikdir. Biz xüsusi ilə kiber məkan üzərindən törədilən cinayətlərdən narahatıq və bu cinayətlərin qarşısını almalıyıq. Bunun üçün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə mərkəzləri yaradılıb ki, bu cür təhdidlərə qarşı mübarizə aparılsın. Çağdaş dünyada texnologiyaların inkişafı həyatımızı daha da asanlaşdırır. Bununla bərabər, bu texnologiya və alətlər fərqli məqsədlər üçün istifadə oluna, beynəlxalq sabitliyə təhdid kimi çıxış edə bilər. Bu təhdidlərə qarşı mübarizə aparmaq bizim əsas vəzifəmizdir".

"Delta Telecom LTD"-nin texniki direktoru Atəş Rzayev "Delta Telecom LTD"-nin Azərbaycanda kiber təhdidlərə qarşı mübarizəsindən danışıb. Açılış mərsimi çıxışlarla davam edib.

Qeyd edək ki, 4 gün keçirilməsi nəzərdə tutulan tədbirdə yeni nəsil kiber təhdidlər, gizli kiber indikatorların işlənilməsi, kiber cinayətkarlıqda yeni trendlər, informasiya itkisinə səbəb olan boşluqlar və sair kimi mövzuların müzakirəsi aparılacaq. Müzakirələrlə yanaşı konfransın proqramında praktiki təlimlər üçün də vaxt ayrılıb. Praktiki təlim proqramında kiber simulyasiyalar vasitəsi ilə təhdidlərin analizi və qorunma yollarının nümayişi planlaşdırılır. Məlumat üçün nəzərinizə çatdıraq ki, tədbirin təşkilatçısı AR Xüsusi Dövlət Mühafizə Xidməti, yerli sponsorları "Delta Telecom LTD" MMM və "Azinfosec", xarici sponsorları isə "May Cyer Technology", "THALES" və "Videntifier" şirkətləridir. Tədbirə akademik dəstək ADA universiteti tərəfindən həyata keçirilir. Konfransda İslam Əməkdaşlığı Təşkilatına üzv olan 21, üzv olmayan 11 ölkədən 97 nəfər, Azərbaycandan isə 140 nəfər iştirak üçün qeydiyyatdan keçib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə