Eldar Əzizov: "Rayonda baş verən neqativ hallar kəskin şəkildə azaldılıb"
Səbail Rayon İcra Hakimiyyətində rayonun təsərrüfat xidmətləri, Mənzil-Kommunal Təsərrüfatı Birliyi və MKİS-lərin, qəsəbə və ərazi nümayəndəlikləri, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.
SİA-nın məlumatına görə, müşavirəni aparan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən son illər ərzində rayonda xeyli işlər görülüb və bir sıra layihələr həyata keçirilib: “Bilik günü ərəfəsində əsaslı təmir-yenidənqurulma işləri aparılıb, 162 və 239 №-li orta məktəblərin istifadəyə verilməsi, keçən həftə 20-ci sahədə paytaxtımız üçün yeni olan müasir İdman və istirahət parkının açılışını qeyd etmək olar. Hazırda Bayılda 157 №-li uşaq bağçası sökülərək yenidən tikilir, bu ay Abbasqulu Abbaszadə küçəsində böyük bir məhəllənin əsaslı təmirinə başlanılır. Gələn il daha bir təhsil müəssisəsi əsaslı təmir olunacaq və bütün bu işlər sakinlərmiz tərəfindən böyük rəğbətlə qarşılanır”.
İcra başçısının sözlərinə görə, rayonda baş verən neqativ hallar, o cümlədən qanunsuz torpaq zəbti və burada tikinti işlərinin aparılması halları kəskin şəkildə azaldılıb və demək olar ki, tam dayandırılıb: “Lakin buna baxmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi işbazlar tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları da aşkarlanıb. Bakı Şəhər Prokurorluğunun apardığı araşdırmalarda bu işbazların bəzi dövlət qurumları nümayəndələri ilə əlbir olaraq saxta sənədlər əsasında torpaq satışına cəhd etməsi müəyyən olunub və hazırda araşdırmalar davam edir”.
E. Əzizov eyni zamanda bildirib ki, bununla bağlı RİH başçısı tərəfindən rayonun aidiyyəti qurumlarına bu istiqamətdə işlərin və əraziyə nəzarətin gücləndirilməsi ciddi surətdə tapşırılıb, işində nöqsanlara yol vermiş vəzifəli şəxslərə ciddi xəbərdarlıq olunub.
Qeyd edək ki, müşavirədə həmçinin ərazinin sanitar təmizliyi, payız-qış mövsümünə hazırlıq və c. məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB