Əli Bilge Cankorel: “İlk dəfədir ki, bütün partiyalar seçkilərdə iştirak edir, bunu müsbət hal kimi dəyərləndirmək lazımdır” - MÜSAHİBƏ

Əli Bilge Cankorel: “İlk dəfədir ki, bütün partiyalar seçkilərdə iştirak edir, bunu müsbət hal kimi dəyərləndirmək lazımdır” - MÜSAHİBƏ

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilge Cankorelin SİA-ya müsahibəsi

- ATƏT Azərbaycanda parlament seçkilərinin azad və tam şəffaf keçirilməsi üçün hansı işləri görəcək? Təmsil etdiyiniz qurum Avropan;n digər institutları ilə bu istiqamətdə əməkdaşlıq edirmi?

- Bizim təşkilat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə fəaliyyət göstərir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək rəsmi qurumdur. Bu istiqamətdə bütün hesabatlar bizim təşkilat tərəfimizdən hesablanır. Bizim fəaliyyətimiz iki formada gedir. Birincisi, seçkilərə hazırlaşmaq baxımından bizim ofis olaraq bu günə qədər həyata keçirdiyimiz bir çox fəaliyyətlər var. Bu fəaliyyətimiz ötən il bələdiyyə seçkilərindən başlayıb, hazırda parlament seçkilərinə qədər davam edəcək. ATƏT-in Bakı ofisi müxtəlif mövzularda bir çox dəyirmi masalar keçirib: "Seçkilərə qanunsuz müdaxilə", "Seçki komissiyalarının təşəkkül forması" və sair. Sonuncu tədbirimiz isə media azadlığı ilə bağlı olub. Bu dəyirmi masada bütün siyasi partiyaların təmsilçiləri iştirak edib, həm müxalifət, həm də iqtidar. Bu Azərbaycanda həmişə baş verən bir hadisə deyil. Bunu xüsusilə diqqətə çatdırmaq istəyirəm. Ən son media toplantısında hətta hər kəsin ortaq qərarı ilə mətbuat üçün açıqlama yaydım. Açıqlamaya həm müxalifət, həm də iqtidar "hə" dedilər. Açıqlamada bütün KİV-də pulsuz efir vaxtının verilməsi və hansı partiyanın üzvü olmasından asılı olmayaraq hər hansı televiziyada siyasi partiya üzvlərinə mümkün olduğu qədər fərq qoyulmadan münbit şəraitin yaradılması yer alıb. Eyni zamanda mümkün olarsa, pulsuz şəraitin yaradılması da daxil edilmişdi. Digər tərəfdən bölgələrdə bütün icra başçıları və dairə seçki komissiyalarının rəhbərləri ilə görüşdük. Onlara da seçkilərdə gözlənilməsi lazım olan normalar haqqında bir daha informasiya verdik. Eyni zamanda, qanunsuz müdaxilələrin qarşısının alınması istiqamətində, qeydiyyat baxımından köməklik göstərmələri, səslərin sayılması zamanı şəffaflığın qorunması haqqında geniş müzakirələr apardıq. Bu bizim gördüyümüz işlərdir. Seçkilərin müşahidəsi, monitorinq edilməsi bizim işimiz deyil. Bu Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun işidir. Büronun qısa və uzunmüddətli müşahidə missiyası var. 45 nəfərdən ibarət olan uzunmüddətli müşahidəçi qrupu artıq Azərbaycana gəliblər və onlar işlərinə başlayıblar. 450 nəfərədən ibarət olan qısamüddətli müşahidəçi qrupu isə seçki həftəsi burada olacaqlar. Artıq seçki müşahidəçiliyi, şikayətlərin qiymətləndiriliməsi, seçki protokolunun yazılmasi ilə bağlı seçki günü bir sıra bəyanatlar veriləcək. ATƏT-in əsl təmsilçisi biz olsaqda, ATƏT-in bu qurumu yəni, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu işlərə baxır. Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yazdığı hesabatı bizə deməyəcək və ya bizlə məsləhətləşməyəcək. O, hesabatı necə yazılması barəsində bizə sual verməyəcək.

- Azərbaycanda seçkiqabağı vəziyyəti necə dəyərləndirirsiniz?

- Biz fəaliyyət göstəririk. Həm müxalifət, həm də iqtidarla birgə əməkdaşlıq edirik. Bizə lazım olan mühiti yaradıblar. Zənn edirəm ki, müxalifət də razıdır. Bu seçkilərdə boykot olmadı. İlk dəfədir ki, bütün partiyalar seçkilərdə iştirak edir. Bunu müsbət hal kimi dəyərləndirmək lazımdır. Həm Mərkəzi Seçki Komissiyasında, həm də dairə seçki komissiyalarında boş yerlər doludur. Eyni zamanda partiya blokları meydana gəldi. Demək ki, daha sistemli seçki olacağı görsənir. Bundan əlavə seçki dairələrində bütün işlər yekunlaşıb, kameralar qurulub. Dairələr seçkilərin keçirilməsi üçün hazır vəziyyətə gətirilib. Son zamanlar qeydiyyatla bağlı bir sıra problemlər var. İmza vərəqələrinin azlığı kimi problemlər meydana çıxıb. Seçki kampaniyasının başlanılmasına bir həftə qalmasına baxmayaraq. bu günə kimi 1400 namizəddən hələ 400-ü qeydiyyata alınıb. Gələcək bir həftə ərzində 1000 nəfərin qeydiyyatdan keçməsi lazımdır. Burada gecikmə var. Şikayətlərin dəyərələndirilməsi üçün vaxt qalacaqmı? Çətin. Gecikləndirilən şikayətlərlə bağlı müraciətlərin olması barəsində məlumatları eşidirik. Bu cür problemləri artıq Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müşahidə edəcək. Lakin qeydiyyat məsələsində ən son gündə səslərin sayılması çox vacibdir. Bu çox şəffaf şəkildə həyata keçirilməlidir. Yerli və əcnəbi müşahidəçilərə səslərin sayı tək-tək göstərilməlidir. Protokolların imzalanması heç bir təzyiq olmadan, şəffaflığına zərər gətirmədən, səslərin sayının düzgün olması vacibdir.

- Regionlara səfərlər həyata keçirdiniz. Regionlarda seçkiqabağı vəziyyəti necə dəyərləndirirsiniz?

- Təşkilatlar hazırdır. Amma insanların hazır olub-olmaması məsələsi namizədlərin qeydə alınmasından sonra bəlli olacaq. Mən səfərdə olan zaman bu yox idi. Sadəcə hər şeyin düzgün olacağı barəsində təminatlar verilib. Dörd rayonda olduq. Bunların arasında Naxçıvan da var. Naxçıvanda hamı ilə görüş keçirdim. Məni inandırdılar ki, həm media, həm də toplaşma baxımından bütün azadlıqlar təmin ediləcək. Hətta Ali Məclisin sədri Vasif Talıbov müşahidəçilərin sıx olması səbəbindən Yeni Azərbaycan Partiyasının müşahidəçilərinin seçkilər ərəfəsində vəzifə almamaları barəsində təlimat verib. Bütün müşahidəni müxalifət və bitərəf nümayəndələr tərəfindən aparılacaq. Müxalifətin rahat işləməsi üçün YAP müşahidəçilərini geri çağırıb. Bu çox gözəl haldır. Orada da müxalifət rəhbərləri ilə görüşdüm. Ancaq onlarda müəyyən problemlər var. Məsələn yerləri olsa da, münasib deyil. Qeyri-münasib yerlərdə fəaliyyət göstərirlər. Çətinliklərin olması haqqında danışdılar. Bunu da aidiyyatı qurumlara bildirdik. Bütün siyasi partiyaların fəaliyyəti üçün bütün imkanlar yaradılmalıdır. Fikrimcə, bu da yavaş-yavaş aradan qalxar.

- KİV-də seçki kampaniyasının aparılması ilə bağlı tədbirlər planı varmı?

- Sonunucu dəfə "Parlament seçkilərində KİV-in rolu nədir?" mövzusunda tədbir keçirildi. Konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Televizya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli iştirak edirdi. Burada media məsələsinin hazırki vəziyyəti ilə bağlı geniş müzakirələr apardıq. Sonda isə nəticə qəbul etdik. Bu da press reliz formasında yayıldı. Bu çox gözəl bir haldır. KİV-də seçkilərə geniş yer verilməsi müsbət haldır. Lakin bu günə qədər heç bir televiziya efir vaxtı əldə etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət etməyib. O zaman gördüyümüz bütün işlər lazımı olan mesajı vermədiyinin fikrindəyəm. İctmai televiziya lazımı olanı edəcək, çünki onun öhdəlikləri var. Lakin digər televiziyalar da seçkiyə mümkün olduğu qədər daha çox yer verilməlidirlər. Əgər bu edilməyəcəksə, xalq namizədlərin təşviqatını necə izləyəcək. Seçki dediyimiz demokratiyanın bir şərtidir. Bu necə yerinə yetiriləcək? Burada medianın böyük rolu var. Media bunu təşviq etməlidir. Media bunu özlüyündə etməzsə və kənarda qalırsa, deməli vəzifəsini yerinə yetirmir.

- Bakıda kütləvi aksiyalar keçirilməsi üçün yeni yerlərin ayrılması ilə bağlı hökumətlə aparılan danışıqların hazırki durumu necədir?

- Danışıqları davan etdiririk. Seçki qabağı kampaniya zamanı ümid edirik ki, mitinq keçirmək istəyən partiyalara daha geniş imkanlar yaradılacaq və yeni yerlər veriləcək. Bu günə qədər problemlərin mövcudluğu olsa da, qanunların daha yumşaldılması lazımdır. Bu zəmində danışıqlarımız davam edəcək.

- "Diffamasiya haqqında qanun"unla bağlı ATƏT-in Bakı ofisi Mətbuat Şurası ilə birgə layihə həyata keçirib. Bu layihə qanunun qəbuluna hansı fayda verəcək?

- Fayda verəcəyinə inanırıq. Biz birgə fəaliyyət göstəririk. Amma buna qarşılıq hökümətdən istəyirik ki, "Diffamasiya haqqında qanun"nu müzakirəyə çıxarsın. Düzdür, hər iki tərəfin özlərinə görə, öhdəlikləri var. Kütləvi İnformasiya Vasitələri mütləq özlərini idarə etməli və nəzarət etməlidir. Çünki, onların məsuliyyətləri var. KİV nümayəndəsi olmaq hüdudsuz olmaq demək deyil. Əlbəttə ki, hüdud var. Başqa sözlə, məsuliyyət deyilən bir söz var. Bu ölkədə müşahidə olunan problemlərin qarşısında diffamasiya məsələsinin tənzimlənməsi lazımdır. Azərbaycanda belə bir problem var. Diffamasiya səbəbi ilə jurnalistlərin həbs edilməsi beynəlxalq hüquq və normalarına uyğun olmayan bir haldır. Onun üçün bunun qanunla tənzimlənməsi lazımdır. Bu məsələlərin hüdudları, sərhədləri bilinmir. Hara qədər gedir? Hər kəsin öhdəlikləri nədir? Sərbəstliklərin hüdudları nədir? Bu baxımdan Azərbaycanda diffamasiyanın cinayət qanunlarından çıxarılması lazımdır. Ümidvaram ki, yeni parlamentdə gələn ilin əvvəlində belə bir qanun qəbul olunar.

- Azərbaycan Kütləvi İnformasiya Vasitələrində hansı problemləri görürsüz?

- Jurnalistlərin mühakimə edilməsi, həbs edilməsi beynəlxalq ictimaiyyət tərəfindən həssaslıqla yanaşılır. Bu işlərin daha diqqətlə görülməsi lazımdır. Bu mühüm bir məsələdir. Çünki bunlar xəbərvermə azadlığının sərbəst formada inkişafının sual altına qoyan davranışlardır. Xəbərin tam mənası ilə azad bir mühit içərisində həyata keçirilməsi hökümətin yerinə yetirəcəyi vacib vəzifələrindən biridir. Bu yerinə yetirilməlidir. Xəbərdə ayrı bir məsələ də varsa, bu da keyfiyyət məsələsidir. Azərbaycanda jurnalistlərin peşəkarlığının yüksəldilməsinə də ehtiyac var. Bu həm qəzet, həm də televiziya jurnalistlərinə aiddir. Bununda müəyyən səbəbləri var. Məndən soruşsanız deyərəm, qəzetlər çox bahadır və keyfiyyətsizdir. Bu, ölkədəki media bazarının iqtisadi qanunlarının aşağı olmasından irəli gəlir. Yəni qəzetlər reklam ala bilmirlər və gəlir mənbələri nə reklam bazarından, nə də oxuculardan gəlmir. Oxuculardan gəlmədiyinə görə, o da oxuculara xidmət göstərmir. Qəzeti kim maliyyələşdirirsə onada xidmət göstərir. Bu kimi vəziyyətdə hər hansı siyasi partiya qəzeti alır. Və yaxud hətta hansısa bir şəxs qəzeti alır. Bu zamanda o öz bildiyini yazdırır, istəmədiyini yazdırmır. Bu da tərəfsiz xəbərin prinsiplərinə əksdir. Qəzetçiliyi tərəfsiz ticari, iqtisadi bir sənaye formasına salmaq lazımdır. İkincisi isə jurnalistlər peşə xüsusiyyətlərini artırmalıdırlar. Biz bununla bağlı bir çox treyninqlər həyata keçiririk. Amma bizim treyninqləri iştirak edənlərin sayı nə qədər ola bilər? Cəmi 20, 40, 100 nəfər. Keyfiyyəti olmayan bir jurnalistə yer verilməməlidir. Ancaq keyfiyyəti yüksək olan jurnalist isə qəzetə imic qazandıracaq və satışının çoxalmasına təsir edəcək və reklam bazarında öz çəkisi olacaq. Bunların hamısı bir birinə bağlı olan iqtisadi məsələlərdir. Qəzetçilikdə problemlər var. Hamısıda bir birinə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə