Noyabrın 2-də bütün dünyada “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” qeyd olunur. Axar.az xəbər verir ki, təkcə son 5 ildə (2012-2016-cı illərdə) dünyada 530, son 11 ildə isə 930 jurnalist həlak olub.
BMT-nin məlumatlarına görə, 2017-ci ilin ilk on ayı ərzində 47 KİV əməkdaşı öldürülüb. Bu halda orta hesabla hər 10 hadisədən 9-da belə cinayətləri törədənlər cəzasız qalır. 2012-ci ildən bəri ərəb ölkələri regionu jurnalistlər üçün ən təhlükəli regiondur. Bu isə, ilk növbədə, Suriya, İraq və Yəməndə silahlı münaqişələrlə əlaqədardır.
BMT Baş Assambleyasının 2013-cü ildə qəbul edilmiş qətnaməsinə əsasən noyabrın 2-si “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” elan edilib. Bu tarix 2013-cü il noyabrın 2-də Fransa radiosunun Malidə qətlə yetirilmiş iki jurnalistinin xatirəsinə ehtiram əlaməti kimi seçilib.
Xatırladaq ki, bir il bundan əvvəl Dünya Xəbər Agentliklərinin Bakıda keçirilmiş V Konqresinin panel iclaslarından biri məhz jurnalistlərin təhlükəsizliyi mövzusuna həsr edilmişdi. Həmin iclasda AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidovun planetimizin qaynaq nöqtələrində reportyorların üzləşdiyi risklər və təhlükələr məsələsinə dair məruzəsi forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandı və geniş müzakirə olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB