Samara azərbaycanlıları... DİASPORUMUZ

Samara azərbaycanlıları... DİASPORUMUZ

Azərbaycandan kənarda yaşayan soydaşlarımızın bir qismi öz xalqının, dövlətinin bir parçası olduğunu dərk edərək, yaşadığı yerlərdə onu layiqincə təmsil etməyə çalışırlar. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Rusiyanın Samara şəhərində yaşayan azərbaycanlıların rolu da az deyil. Rusiyaya budəfəki səfərimiz Ulyanovsk şəhərindən sonra Samara şəhərinə oldu.

Gəlişimiz Samara şəhərində Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun rəhbərliyi ilə keçirilən tədbirə təsadüf etdi. Tədbir Azərbaycanın Milli Müstəqillik bayramı münasibəti ilə təşkil olunmuşdu. Şirvan Kərimov vəkillik fəaliyyəti ilə məşğuldur, Samara şəhərində, necə deyərlər, xüsusi çəkisi olan şəxslərdəndir. Qürurverici haldır ki, Rusiyada belə həmyerlilərimizin sayı az deyil. Bu, yalnız Azərbaycan xalqına başucalığı gətirər.

Şirvan müəllimlə ilk dəfə görüşürdük. Məni tədbirin necə keçiriləcəyi, hansı mövzuların müzakirə olunacağı maraqlandırırdı. Ən çox xoşuma gələn Samara şəhərində yşayan azərbaycanlı gənclərin fəal olması oldu. Şirvan müəllim təvazökarlıq edərək gördüyü işlərdən çox danışmasa da, onun otağındakı diplom, kubokların sayı bizə çox şey deyirdi.

Məlum oldu ki, Azərbaycan mədəniyyətini, dilini, adət-ənənələrinin qorunması üçün xeyli işlər görülüb. Azərbaycanlılardan ibarət futbol komandasını Samarada hamı tanıyır. Azərbaycan milli rəqslərini artıq ruslar bizdən heç də pis oynamır. Əsas odur ki, bir neçə saat Samara şəhərində olmağımıza baxmayaraq, sadaladıqlarımızı öz gözlərimizlə gördük. Şirvan müəllim Müstəqillik Bayramı ərəfəsində təşkil olunan tədbirdə "Sovet və Müstəqil Azərbaycan" adlı maraqlı film də hazırlatmışdı. Tədbir iştirakçıları Azərbaycana və onun tarixinə qısa səyahət edərək Azərbaycan həqiqətləri ilə yaxından tanış oldular.

Şirvan Kərimov əslən Zəngilan rayonundandır. Odur ki, qaçqınlıq, doğma torpaqlardan didərgin düşməyin nə olduğunu çoxlarından yaxşı bilir. Odur ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində, iştirak etdiyi mötəbər tədbirlərdə xüsusi fəallıq nümayiş etdirir.

Samara şəhərində yaşayan soydaşlarımız arasında təkcə biznes adamları deyil, həkim, rəssam, müəllim, hüquq-mühafizə orqanlarında çalışanların çoxluq təşkil etməsi təqdirəlayiq haldır.

Biz tədbir bitdikdən sonra Samara şəhərindəki Azərbaycan diasporunun ofisi ilə də yaxından tanış olduq. “Dom Drujba Narodov” adlanan binada ən geniş və təmiz otaqlar məhz Azərbaycan diasporuna verilib. Bir çox xalqların diaspor təşkilatları da məhz sözügedən binada yerləşir. Binanı tərk edən zaman Şirvan müəllimə bir qadın yaxınlaşaraq hüquqi məsləhət almaq istədi. Məlum oldu ki, Şirvan müəllim həftədə bir dəfə, pulsuz olaraq, təkcə Azərbaycanlılara deyil, yerli ruslara da hüquqi yardım edir. Bundan əlavə onun köməkçisi, demək olar ki, hər gün insanları qəbul edib, problemləri ilə yaxından tanış olur. Əgər problem çox ciddidirsə, yəni köməkçi səviyyəsində öz həllini tapa bilmirsə, onda Şirvan müəllim özü həmin vətəndaşı qəbul edir və ona hüquqi yardımını əsirgəmir.

Samara şəhərindən Çelyabinsk və Novıy Urenqoy şəhərlərinə getdiyim üçün, orada gördüklərimlə buradakıların paradoks təşkil etdiyinin şahidi oldum. Kimlərsə vətəninə, millətinə, hətta yerli millətlərə belə təmənnasız yardım edərək Azərbaycan adına hörmət gətirir.

Əlmaniz Ələkbərli, SİA-nın Rusiya bürosunun rəhbəri, AJB və AYB-nin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə