Çex diplomat: "XIX və XX əsrlərdə Bakıda və Gəncədə xeyli etnik çex yaşayıb"

Noyabrın 1-də Çexiyanın Azərbaycandakı səfirliyində iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin müzakirəsinə və Çexoslovakiyanın yaradılmasının 99 illiyinə həsr edilən tədbir keçirilib. Çexiyanın ölkəmizdəki səfirinin müavini Petr Vaqner tədbirdə təqdimatla çıxış edib. O bildirib ki, məruzəsi Azərbaycan və Çex tarixçilərinin birgə hazırladığı və gələn il çap ediləcək kitabın əsas mövzusu olacaq.

P.Vaqner qeyd edib ki, ölkələrimizin taleyində müəyyən oxşarlıqlar var. Məsələn, 1918-ci ildə həm Çexiya, həm də Azərbaycan müstəqil respublika qurmağa nail olub. Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il yaşasa da, Çexoslovakiya 20 il müstəqil olub. Hər iki ölkə sonralar sosialist düşərgəsində yaşayıb. Səfirin müavini deyib: “Çexiya və Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizənin nə demək olduğunu çox gözəl bilir. Çexiyanın ərazi bütövlüyünün bərpası prosesi 1938-ci ildən 1945-ci ilədək davam edib. Təəssüf ki, Azərbaycan indiyədək ərazi bütövlüyünə nail ola bilməyib”.

P.Vaqner vurğulayıb ki, ölkələrimiz arasındakı mədəni münasibətlərdə də maraqlı faktlar var. Məsələn, 1876-cı ildə Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin əsərləri Çex dilinə tərcümə edilib və çexlər tərəfindən qiymətləndirilib. XIX və XX əsrlərdə Azərbaycan ərazisindəki etnik çexlər daha çox Bakıda və Gəncədə yaşayıblar. Onlar əsasən sənaye sahəsində çalışanlar, jurnalistlər, musiqiçilər, müəllimlər, habelə tələbələr olublar.

Tədbirdə Bakının ali məktəblərinin müəllim və tələbələri, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə