"Narkomaniya ümumbəşəri bəladır"

"Narkomaniya ümumbəşəri bəladır"

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə regional tibb kollecində rayon prokurorunun, kollec rəhbərliyinin və tələbələrin iştirakı ilə “Narkomaniya ümumbəşəri bəladır”, ”Erkən nikah və onun fəsadları” və “Dini radikalizmin fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki Əbülfət Rzayev cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə zərbə vuran narkomaniyanın yaratdığı problemlərdən və fəsadlardan danışıb.

Narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər barəsində gənclərə ətraflı məlumat verib. Narkomaniyanın yayılmasında gənclərin önəmli rol oynadığını vurğulayan Ə.Rzayev bu baxımdan onların maarifləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Daha sonra dini radikalizmdən söz açan ŞRPŞ-nin rəisi özlərini dindar hesab etsələr də, ancaq terrorla məşğul olanların əslində cinayətkar xislətindən söz açıb, ölkəmizdə bu işlə məşğul olanlara qarşı ciddi tədbirlərin görüldüyü barədə tələbələri məlumatlandırıb.

Çıxış edən rayon prokuroru Elmar Camalov erkən nikahın ölkəmizdə qanunla qadağan olunduğunu və bu işi qanunsuz şəkildə həyata keçirənlərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib.

Sonda gənclərin suallarını cavablandıran hüquq mühafizə orqanlarının əməkdaşları belə problemlərin aradan qaldırılması üçün cəmiyyətin hər bir üzvünün fəal iştirakının vacib olduğunu və tələbələrə də ətrafında belə hallarla qarşılaşdıqları təqdirdə aidiyyatı qurumlara məlumat verilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

İlkin Akifoğlu, Şəki

Bütün xəbərlər Facebook səhifəmizdə