Yoxlamaların müddəti 2021-ci ilədək uzadıldı

Yoxlamaların müddəti 2021-ci ilədək uzadıldı

Bu gün Milli Məclisin plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib: "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması bu sahədə müsbət dəyişikliyə səbəb olub. Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir. Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən, qidaların keyfiyyətinə nəzarət isə 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılacaq ".

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə