Əjdər Ağayevin 80 illik yubileyi qeyd edilib

Əjdər Ağayevin 80 illik yubileyi qeyd edilib

Bakı Mühəndislik Universitetində (BMU) ali təhsil ocağının pedaqogika kafedrasının professoru, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar Müəllim Əjdər Ağayevin 80 illik yubileyi qeyd olunub. BMU-nun akt zalında keçirilən yubiley tədbiri Əjdər Ağayevin həyatından bəhs edən filmin nümayişi ilə başlayıb.

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov yubilyar haqqında məlumat verərək bildirib ki, Əjdər Ağayev ömrünün 60 ilini Azərbaycan elminə, pedaqogikanın inkişafına həsr edib. O, 50-dən çox elmlər və fəlsəfə doktoru yetişdirib. Beş yüzdən artıq elmi əsərin, 40-dan çox kitabın müəllifidir. Eyni zamanda, Əjdər müəllim şair, yazıçı və jurnalistdir. Onun şeirlərinə mahnılar bəstələnib, pyesləri səhnələşdirilib. Hələ sovet dövründə dövlət televiziyasında xüsusən gənclərin maarifləndirilməsinə yönələn mühüm verilişlərin müəllifi olub. Rektor yubiley tədbirinin təşkilində Təhsil Nazirliyinin diqqət və qayğısından da danışıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov ümummilli lider Heydər Əliyevin və onun siyasi davamçısı Prezident İlham Əliyevin elmə, elm adamlarına və ağsaqqallara olan diqqət və qayğısından söz açıb. Fəttah Heydərov Ağsaqqallar Şurasının idarə heyətinin üzvü olan Əjdər Ağayevin ölkəmizin ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirib və ölkə ağsaqqalları adından səmimi təbrikini çatdırıb.

Yubilyarı təbrik edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov elmin inkişafına verdiyi töhfələrə görə Əjdər Ağayevə minnətdarlığını ifadə edib.

AMEA-nın Mexanika-Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov 1998–ci il sentyabrın 25-də ümummilli lider Heydər Əliyevin də iştirak etdiyi müəllimlərin ilk respublika konfransından və Təhsil Şurasının yaranmasından, Əjdər Ağayevin Təhsil Şurasına sədr seçilməsindən danışıb. Təbrik nitqi söyləyən digər natiqlər yubilyarın elmi fəaliyyəti ilə yanaşı, insani keyfiyyətlərindən, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasındakı rolundan bəhs edib, Əjdər Ağayevə yeni nailiyyətlər arzulayıblar.

Professor Əjdər Ağayev tədbirə təşrif buyuran insanlara təşəkkürünü bildirib. “Tədbirin təşkilinə görə mənə doğma olan Bakı Mühəndislik Universitetinin kollektivinə və rektor Havar müəllimə minnətdaram. İnsanın sevincinə şərik olmaq ona verilən böyük dəyərdir. Mənə verdiyiniz bu dəyər daha məsuliyyətli olmağıma stimuldur”, - deyə Əjdər Ağayev bildirib.

Yubiley tədbiri BMU-nun tələbələrinin ifasında Əjdər Ağayevin şeirləri və mahnıları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə