“Narkomaniya, dini radikalizmə və erkən nikaha yox deyək” TƏDBİR
Şəkidə “Narkomaniya, dini radikalizmə və erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir Şəki Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çeşməli kənd orta məktəbində keçirilib.
Tədbirdə Şəki ŞRPŞ-nin Xidmət üzrə rəis müavini Vüqar Xəlilov ,rayon prokurorunun müavini Vüqar Hacıyev ,şəhər rayon polis şöbəsinin YYÇPİTQ-nin (Yetkinlik Yaşına Çatmayanlarla Prafilaktiki İşlərin Təşkili qrupunun ) inspektoru Səlim Səlimov, pedaqoji heyət və yuxarı sinif şagirdləri iştirak ediblər. ŞRPŞ-nin rəis müavini, polis mayoru Vüqar Xəlilov çıxış edərək “əsrin bəlası” olan narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açıb, narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərərlər, eləcə də insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verib.
O, ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasından və narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyindən danışıb. V.Xəlilov son dövrlərdə din pərdəsi arxasında gizlənib,cəmiyyəti məhvə aparan həmin şəxslərə qarşı da rayonda qabaqlayıcı tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Daha sonra rayon prokurorunun müavini Vüqar Hacıyev və Şəki ŞRPŞ-nin YYÇPİTQ-nin inspektoru Səlim Səlimov da narkomaniya, dini radikalizmə və erkən nikahın fəsadları barədə ətraflı çıxış edərək gənclərə dəyərli məsləhətlər veriblər.
Sonda gənclərin suallarını cavablandıran hüquq mühafizə orqanlarının əməkdaşları, ölkəmizdə belə halların qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirildiyini və bu işdə ailənin və təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıblar.
İlkin Akifoğlu, Şəki
Bütün xəbərlər Facebook səhifəmizdə