Aydın Quliyev: “Jurnalistin adi bir ehtiyatsızlığı cəmiyyətdə çox böyük fəsadlara gətirib çıxara bilər”- MÜSAHİBƏ

Aydın Quliyev: “Jurnalistin adi bir ehtiyatsızlığı cəmiyyətdə çox böyük fəsadlara gətirib çıxara bilər”- MÜSAHİBƏ

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin SİA-ya müsahibəsi:

Parlament seçkilərinin ilkin mərhələsində media hansı vəzifələri özündə birləşdirməlidir?

- Parlament seçkilərində mətbuatın daha fəal rolu ikinci mərhələdə, yəni təbliğat- təşviqat kampaniyası başlayanda olacaq. Amma bu o demək deyil ki, mətbuat bu proseslərdə iştirak etmir. Birinci mərhələdə də mətbuatın özünün iştirak xüsusiyyətləri var. Ümumən bu prosesdə mətbuat iki başlıca istiqamətdə fəaliyyət göstərməlidir. Bu mənim fikrimdir və yoldaşlara da tövsiyəm budur. Mətbuat ilk növbədə bu prosesə informasiya dəstəyi göstərməlidir. İnformasiya deyəndə tərəfsiz baş verən hadisələrin oxuculara çatdırılması nəzərdə tutulur. Hesab edirəm ki, bu mətbuatın borcudur. Söhbət burada dövlətin həyatında olan çox mühüm bir kampaniyadan gedir. Çünki bu kampaniya siyasi partiyalar, qəzetlər, cəmiyyət, millətlər, bir sözlə hər kəs üçün maraqlıdır. Ona görə də tərəfsiz informasiyaları hamıya çatdırmaq fikrimcə, mətbuatın birinci borcudur. Bundan əlavə, mətbuatın seçki prosesində iştirak etmək hüququda var ki, bura ayrı-ayrı namizədlərin təbliğatı, reklamı məsələsi daxildir. Bu bizim hüququmuzdur. Mətbuat borcuna borc kimi yanaşmalıdır. Ayrı-ayrı dairələrdə, seçki strukturlarının, Mərkəzi Seçki Komissiyasının və ya Dairə Seçki Komissiyalarının fəaliyyəti tərəfsiz olaraq yayımlanmalıdır. Bu seçki prosesinə aid olan və bizim işıqlandırmağa borclu olduğumuz məsələdir.

- Seçki qabağı bəzi mətbuat orqanlarının "qara piar" kampaniyasına başlamasını necə qiymətləndirirsiniz?

- Parlament seçkilərini tənzimləyən iki məsələ var. Birincisi, jurnalistlərin peşə etikasıdır ki, bununla bağlı sənədi Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə hazırlayıb. Həmin kodeks seçki dövründə və ya digər mərhələlərdə KİV-lərin fəaliyyətini çərçivəyə sığışdırır ki, başqa, qeyri- etik, yol verilməyən üsullardan insanlar bir-birinə və ya ayrı-ayrı adamlara qarşı istifadə etməsinlər. İkincisi, Azərbaycanın bununla bağlı qanunvericilik normaları var. Bura Kütləvi İnformasiya Vasitələri haqqında, Seçki məcəlləsi haqqında qanunlar daxildir ki, həmin qanunlarda seçki dövründə KİV-lərin hansı məsələyə, hansı prinsiplər əsasında yanaşması aydın şəkildə göstərilib. Əlbəttə, çox təəssüfləndirici bir haldır ki, parlament seçkilərinin təşviqat kampaniyası başlamamışdan mətbuatda azda olsa "qara piar" deyilən bəlanın əlamətləri hiss olunur. Bəzi hallarda Azərbaycanda həmin piarın mahiyyətini düzgün başa düşmürlər. Onun hansı rəngdə olmağından asılı olmayaraq piar ümumiyyətlə normal bir texnologiyadır. O hansısa bir namizədin özünün daha üstün olduğunu göstərmək, rəqibinin özü ilə müqayisədə daha zəif olduğunu seçicilərə, insanlara inandırmaq üçün istifadə etdiyi üsuldır. Amma çox təəssüf ki, "qara piar" adı altında Azərbaycanda gəzən söz-söhbətlər o qədər dəhşətli şəkil alıb ki, insanlarda piar sözünə qarşı əks münasibət yaranıb. Halbuki piar çox normal bir üsuldur. Piarı obyektiv əsaslarla aparsalar, kiminsə şəxsi həyatını, mənəviyyatını ləkələməməklə aparılsa, lazımi nəticə verə bilər. Bəzi qəzetlərdə insanların şəxsi həyatına, ailəsinə müdaxilələr edilir, mətbuat üçün qapalı sahələrlə bağlı yazılar yazılır. Bunlar yol verilməzdir. Hesab edirəm ki, builki seçkilərdə jurnalistlər çox ciddi məsuliyyət nümayiş etdirməlidirlər. Çünki jurnalistin adi bir ehtiyatsızlığı, müəyyən bir normanı aşması cəmiyyətdə çox böyük fəsadlara gətirib çıxara bilər. Əsəblər o qədər gərginləşib ki, bir yazı ilə hətta qan da tökülə bilər. Ona görə də bu seçki prosesinin daha normal, sivil keçirilməsində mətbuatın çox böyük rolu var və bunun üçün jurnalistlər maksimum məsuliyyət nümayiş etdirməlidirlər.

- Təşviqat kampaniyası başlamışdan əvvəl namizədlərə hər hansı bir məhdudiyyətin qoyulması nə dərəcədə düzgündür?

- Hələlik Seçki məcəlləsində nəzərdə tutulduğu kimi, oktyabrın 15-dən noyabrın 6-dək təşviqat müddəti deyilən müddətdən kənarda kimlərinsə televiziyalarda görünməsinə, qəzetlərdə yazılarının buraxılmasına qoyulan məhdudiyyət tamamilə yanlışdır. Ayrı-ayrı kütləvi informasiya vasitələri birbaşa namizədliyə marağı olan adamlara ancaq oktyabrın 15-dən noyabrın 6-a qədər öz səhifələrində yer ayıra bilər. Məsələni belə qoymaq tamamilə yanlışdır. KİV-in borcudur ki, istənilən kəsə namizəd olub-olmamasından asılı olmayaraq orqanında yer ayırsın. Ancaq burada bir amil var. Bu da ondan ibarətdir ki, namizədin reklamı, platformasına aid olan informasiyaları seçicilərinə çatdırmaq imkanı məhz həmin müddətə sığışdırmaq lazımdır. Əgər bir namizəd, xüsusən də qeydə alınan namizəd öz platformasının iqtisadi tərəflərini seçicilərinə çatdırmaq üçün oktyabrın 15-dən daha tez hansısa bir qəzetdə yazı verərsə, bu qanunsuzdur. Ona görə də burada iki məsələyə diqqət yetirmək lazımdır. Birincisi, namizəd rəsmi qeydiyyatdan keçibsə, onun reklam fəaliyyətinə qanunvericilik normaları ilə yanaşmaq lazımdır. Əgər hər hansı bir şəxs yalnız namizədliyini irəli sürübsə və qeydiyyata alınmayıbsa, mediada ona qarşı məhdudiyyətin qoyulması qəti sürətdə yol verilməzdir. Ona görə də namizədlərin qeydə alınıb-alınmaması əsas götürülməli, onlarla bağlı informasiya veriləndə seçki platforması ilə bağlılığı nəzərə alınmalıdır. Əgər yazının seçki platforması ilə bağlılığı varsa, onun reklamına xidmət edirsə, o zaman oktyabrın 15-dən noyabrın 6-na qədər intervala düşməlidir. Hər hansı bir namizədin başqa bir fəaliyyəti varsa və ya regionda baş verən hər hansı bir məsələyə münasibət bildirirsə və bu seçki ilə əlaqədar olmayan məsələdirsə, o zaman mətbuatda yayımlana bilər. Burada qanunsuzluq yoxdur. Namizədlikdən əlavə həmin şəxs bir vətəndaş olaraq müəyyən bir məsələ ilə bağlı fikir bildirə bilər.

- Seçki öncəsi KİV orqanlarında reklam kampaniyası necə aparılmalıdır?

- Pulsuz reklamla bağlı milli qanunvericilikdə xüsusi normalar var. Müəyyən dövlət qəzetləri var ki, məsələn "Xalq" qəzeti , "Azərbaycan" qəzeti, televiziyalardan İctimai kanal təşviqat kampaniyasını qanun əsasında həyata keçirəcəklər. Amma digər KİV-də namizədlərin reklamı ödənişli və tərəflər arasında razılıqlı əsaslarla həyata keçiriləcək. Bu razılaşma namizədlə həmin mətbuat orqanının rəhbəri arasında ikili söhbət əsasında əldə olunur. Bunun əsasında vergi qanunvericiliyinə tam əməl etmək şərtilə ortadakı tariflər hər iki tərəf arasında ortaq razılaşmaya əsasən müəyyən olunur. Bu onların müstəsna hüququdur. Lakin elə bir qəzet ola bilər ki, hər hansı bir namizədin xüsusi təbliğatı ilə pulsuz məşğul olsun. Mən özüm seçkilərdə iştirak etmədiyimə görə, bəzi yaxın insanların təbliğatını tam ödənişsiz şəkildə həyata keçirəcəyəm. Amma elə namizədlər də olacaq ki, onların təşviqatı ödənişli əsaslarla həyata keçiriləcək. Burada əsas məsələ odur ki, vergi qanunvericiliyi pozulmasın.

Bütün xəbərlər Facebook səhifəmizdə