“Türkologiya” jurnalının 3-cü sayı nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 2017-cı il üçün 3-cü sayı işıq üzü görüb. AMEA-dan SİA-ya verilən xəbəröə görə, jurnalın bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Respublikamızla yanaşı, Türkiyə, Özbəkistan, Gürcüstan, Rusiya, Cənubi Koreya və Almaniyadan olan alimlərin məqalələri yer alır.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri əhatə edən elmi jurnalın 3-cü sayında “Klassik irs–Portretlər”, “Dilçilik”, “Ədəbiyyat və Folklor”, “Yazılı Abidələr”, “Mifologiya” və “Müzakirə” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat” və “Personalia” rubrikalarında toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının elmi və mədəni ənənələrini davam etdirmək və onu oxucuları üçün maraqlı etməkdir.

Qeyd edək ki, “Türkologiya” jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalın növbəti sayı üçün məqalə qəbulu davam edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə