"Çalışıram ki, işlədiyim, rəhbəri olduğum müəssisədə, Azərbaycan mədəniyyətini və onun bir çox müsbət keyfiyyətlərini yerli xalqlara çatdırım"
Müasir dünyada İnformasiya Texnologiyaları o qədər inkişaf edib ki, bu gün hətta iri dövlətlər belə biri-biriylə informasiya savaşına girirlər. Bəzən yanlış informasiyaları insanlara elə çatdırırlar ki, çox inandırıcı görünür. Bu gün milli məsələləri, problemləri, həqiqətləri də, daha çox informasiya vasitəsiylə yaymaq mümkündür.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor təşkilatlarımız mütəmadi işlər aparır, istər informasiya texnologiyaları vasitəsilə istər də əyani vasitələrlə bu yolda yorulmadan çalışırlar. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə sabiq prezident Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ulu öndər bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
Qısa bir müddət keçdikdən sonra, diaspor quruculuğu Azərbaycan Respublikasının Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Dövlət başçısı İlham Əliyev tərəfindən daha müasir formada, uğurla davam etdirilir.
Bu gün Diasporla iş üzrə Dövlət komitəsi də, bu istiqamətdə öz işlərini müasir tələblərə cavab verəcək səviyyədə qurmuşdur. Təqdirəlayiq haldır ki, sözügedən komitə dünyanın istənilən dövlətində fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əməkdaşlıq edir. Dünyanın aparıcı diaspor təşkilatları ilə yanaşı, ciblərində peçat gəzdirməklə, özlərini idarə müdiri kimi aparanlar da az deyildir.
Ukrayna Respublikasında yaşayan soydaşlarımız, diaspor fəaliyyəti haqqında yazmaq istəyərkən ilk ağıla gələn Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və BUAK Nikalayev şəhər təşkilatının sədri Yunus Alıyev gəlir. Rövşən müəllimin ümumrespublika səviyyəsində gördüyü işlər, apardığı təbliğat, hətta yerli Ukrayna televiziyalarında tez-tez işıqlandırılır. Əlbəttə ki, bu kimi hallara yalnız sevinmək lazımdır. Nikalayev şəhərində isə, BUAK Nikalayev təşkilatının sədrinin gördüyü işlərdən yazmaqla qurtarmaq olmur. Yunus müəllim Nikalayev şəhərində millətimizin bir nömrəli təmsilçisidir. Saçının-saqqalının ağarmasına baxmayaraq, ürəyi Vətən eşqi ilə döyündüyü üçün, hər gün yeni bir şey fikirləşir. Əsas məqsəd Azərbaycan reallığını, həqiqətlərini, yerli millətə və dünyaya çatdırmaqdır. Bu dəfə ki, səfərimizdə isə Yunus müəllimbizi bir neçə vətənpərvər Azərbaycanlı ilə tanış etdi. Fərrux Şahbaba oğlu Poladov da Azərbaycan naminə yorulmadan çalışan həmyerlilərimizdəndir. Necə deyərlər, o da, Yunus müəllimin davamçısıdır. Fərrux müəllim 2004-cü ildən Ukraynada yaşadığını və xüsusən də istehsalla məşğul olduğunu dedi: mən iri bir çörək zavoduna rəhbərlik edirəm. Aydın məsələdir ki, işçilərimizin çoxu yerli millətin nümayəndələridir. Mən çalışıram ki, işlədiyim, rəhbəri olduğum müəssisədə, Azərbaycan mədəniyyətini və onun bir çox müsbət keyfiyyətlərini, yerli millətə də çatdırım. Əlbəttə ki, birinci nümunə mən özüm olmalıyam. Odur ki, hərdən xüsusi günlərdə, bayramlarda, milli adət-ənənələrimizlə işçilərimi də tanış edirəm. Mən BUAK Nikalayev şəhər təşkilatının rəhbəri Yunus Alıyevi çoxdan tanıyıram. Bu insan Vətən fədaisidir. Onun bu yaşında xalqı, milləti, dövləti üçün etdiklərini kənardan seyr etmək heç də kişilikdən deyildir. BUAK sədri Rövşən Tağıyev də, Ukrayna ictimai- siyasi həyatında özünəməxsus yeri olan bir siyasətçidir. Odur ki, mən də Yunus müəllimin ətrafında xalqıma, millətimə, dövlət və dövlətçiliyimizə ürəkdən xidmət etməyə çalışıram. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Yunus müəllimlə birgə çalışırıq. Biz çalışırıq ki, bizdən sonra gələn nəsillər bu şəhərdə özlərini yad adam kimi hiss etməsinlər. Bu gün sizin də iştirakınızla biz 416-cı Taqanrok diviziyasının şərəfinə ucaldılmış abidəyə baş çəkdik, tər çiçəklər düzdük. Baxın orada adları qeyd olunan Azərbaycanlı oğul və qızlarımız Nikalayev şəhərinin Alman faşistlərindən azad olunmasında iştirak ediblər. Onların arasında şəhid olanları da olub, Berlinədək gedənləridə. Biz belə abidələrin sayını nə qədər çox edəriksə, yerli millətlər bizi daha yaxından tanıyar və bizi özlərinə daha da yaxın sayarlar. Onsuzda istər Dövlət səviyyəsində, istər də insanlarımız arasında, Ukrayna Azərbaycan münasibətləri yüksək səviyyədə qurulub. Lakin bütün bunlara baxmayaraq, biz durmadan öz təbliğatımızı aparmalıyıq, necə ki, Yunus müəllimin rəhbərliyi ilə biz bunu edirik. Biznes, iş adamı olmaq çətin deyil, ancaq həqiqi vətənpərvər Azərbaycanlı olmaq çox çətindir. Bu gün bunu çoxları bacarmırlar.
Mənə elə gəlir ki, hər bir qeyrətli Azərbaycanlının borcudur ki, öz xalqı, dövləti yolunda müəyyən xidmətlər göstərsin. Çox güman ki, bilirsiniz bizim BUAK Nikalayev təşkilatının sədri, vaxtilə bu abidənin başa gəlməsi üçün Bakı şəhərindəki evini satmalı olub. Görün bu insan nə qədər qeyrətli bir Azərbaycanlıdır. Ürəyi Vətən eşqi ilə döyünən Azərbaycanlılarımız dünyada daha çoxdur. Lakin bəzən görürsənki mənəmmənəmlik hissi imkan vermir ki, təklikdə deyil, birləşərək birgə fəaliyyət göstərsinlər. Ancaq mən əminəm ki, qıssa zaman kəsiyində, dünyanın hər bir yerində yaşayan soydaşlarımız Yunus Alıyev kimi qeyrətli insanların ətrafında birləşərək, bir amala, Vətənə, millətinə, dövlətinə layiqincə xidmət edəcəklər. Biz bu yolda yorulmadan çalışmalıyıq və bütün gücümüzlə, həm də layiqincə Azərbaycanımıza xidmət etməliyik.
Əlmaniz Ələkbərli,
SİA-nın Ukrayna bürosunun rəhbəri, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB