Akademikin tragikomediyası nəşr olunub

Akademikin tragikomediyası nəşr olunub

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda (AMEA) “Plyus bədii yaradıcılıq” seriyasından ikinci kitab çap olunub. İnstitutdan SİA-ya verilən xəbərə görə, görkəmli elm xadimi Məmməd Cəfər Cəfərovun “Get dolangilən, xainsən hələ” tragikomediyası bu silsilədə işıq üzü görüb. Akademik İsa Həbibbəylinin müəllifin şəxsi arxivindən əldə etdiyi pyes ilk dəfə olaraq oxuculara təqdim edilir, tragikomediya akademik İsa Həbibbəylinin tərtibi və “Akademik Məmməd Cəfər Cəfərovun dram əsəri: “Get dolangilən, xainsən hələ” başlıqlı geniş ön sözü ilə nəşr olunub.

Akademik Məmməd Cəfər Cəfərov elmi fəaliyyəti ilə birlikdə bədii yaradıcılıqla da məşğul olmuş, satirik hekayələr və pyeslər yazmışdır. Akademik İsa Həbibbəyli görkəmli alimin “Xatirələr” memuarını, böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin həyatı və mübarizəsindən bəhs edən “İnsanlar və talelər” kinodramını nəşr etdirmişdir. Onun çapa hazırladığı “Get dolangilən, xainsən hələ” tragikomediyasında elmi-tədqiqat institutlarından birində baş verən hadisələrin fonunda keçmiş sovet cəmiyyətindəki ziddiyyətlər açılıb göstərilir, yeniləşmə zərurəti irəli sürülür. 1965-ci ildə yazılmış əsər ideya-bədii xüsusiyyətlərinə görə Azərbaycan dramaturgiyasının mühüm yaradıcılıq nailiyyətlərindən biri hesab olunmağa layiqdir.

Kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd, ikinci səhnəsinin əski əlifba ilə yazılmış mətnini latın qrafikasına çevirəni isə filo-logiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyevadır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə