Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 90-110, Lənkəran-Astara bölgəsi çaylarında 40-60 , Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 142 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 198 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 138 m3/s təşkil edərək ongünlük normanın 150 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda və Bankədə 4, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 344 m (2016-cı il oktyabrın 23-də 564 sm), Şirvanda 231 sm, Salyanda 181 sm (2016-cı il oktyabrın 23-də 400 sm), Bankədə 183 sm (2016-cı il oktyabrın 23-də 285 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il oktyabrın 23-də 275 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB