Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Vetaranlar Şurasının yeni inzibati mərkəzinin açılışı olub. SİA-nın verdiyi məlumata görə, açılış mərasimində NBPİ-nin, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin rəhbərliyi və Veteranlar Şurasının üzvləri iştirak ediblər. Onlar yeni istifadəyə verilən mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Tədbirdə çıxış edən NBPİ-nin rəis müavini, polis polkovniki Rövşən Eyyubov ölkə və DİN rəhbərliyinin veteranlara daim xüsusi diqqət və qayğı ilə yanaşdığını, bütün ərazi polis orqanlarının nəzdində veteranlar şuralarının fəaliyyət göstərdiyini bildirib, cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında, gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlığının artırılmasında keçmiş paqondaşlarımızın əməyinin danılmaz olduğunu vurğulayıb.

Qeyd edilib ki, bir müddət əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə bu qurumda da Veteranlar Şurası təsis edilib. Onların fəaliyyət göstərmələri üçün müvafiq yer ayrılması barədə Baş İdarə rəhbərliyinin “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə müraciəti də müsbət həll olunub. Bakı Dəmir Yolu Vağzalında polis veteranları üçün ayrılmış mərkəz Nazirliyin aidiyyatı qurumları və NBPİ rəhbərliyi tərəfindən ən müasir standartlara cavab verən bütün lazımi avadanlıqlarla, texniki vasitələr və qurğularla təchiz edilib.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki Yaşar Nuriyev, NBPİ rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovnik-leytenantı Yalçın Qarayev, DYNPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Nizami Qarayev çıxış edərək polis veteranlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

NBPİ-nin Veteranlar Şurasının sədri Tunc İsmayıl veteranlar adından çıxış edərək göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə