Sentyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 3.329 müraciət daxil olub
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təşkili, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən davamlı olaraq tədbirlər həyata keçirilmiş və sentyabr ayı ərzində müəyyən nəticələr əldə olunub. Cari ilin sentyabr ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 3.329 müraciət daxil olub.
SİA-nın məlumatına görə, müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib.
Həmçinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.
Keçirilmiş tədbirlər nəticəsində 966 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 105 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 623 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 126 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB